Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidməti dayandıra bilər.

Bunu ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

“İdeal dünyada hər bir ölkə öz sərhədinə nəzarət etmək iqtidarında olmalıdır”, – o, ABŞ-nin sərhəd təhlükəsizliyi üzrə xüsusi qrupunun Ermənistana səfəri və fəaliyyətinin Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərindən çıxarılmasına səbəb olub-olmayacağı barədə suala belə cavab verib.

Nazir müavini qeyd edib ki, Ermənistan tərəfi bu mövzunu İranla müzakirə edib və heç bir narahatlıq ifadə olunmayıb.

P.Ovannisyanın sözlərinə görə, ABŞ-nin dəstəyi Ermənistan tərəfinin sərhəd nəzarətini təmin etmək imkanlarının artırılmasına yönəlib.

Jurnalistin bu dəstəyin Rusiya sərhədçilərinin çıxarılmasına yönəlib-yönəlmədiyi barədə dəqiqləşdirici sualına XİN başçısının müavini müsbət cavab verib.

İstinadlar Report