“Ermənistan tam dəstəksiz qalıb” – Cavanşir Feyziyev – VİDEO
“Bütün münaqişə dövründə Ermənistan tək olmayıb. Havadarları hər zaman ermənilərə dəstək verib. Ermənilərin dəstəkçisi əsas Rusiya, gizli də olsa İran və Fransa idi”.
Bu fikirləri REAL TV-nin efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Deputat qeyd edib ki, bu gün Ermənistanı dəstəkləyən hər üç ölkənin özündə təlatüm var.
“Fransada hakimiyyət böhranı var. Rusiya dünyada öz mövqeyini itirir. İranda da regionda öz nüfuzunu itirməkdədir. Bir sözlə indi Ermənistan tam dəstəksiz qalıb. İndi Ermənistan özündə cəsarət tapıb sülh müqaviləsi bağlamaq gücündə deyil”, – deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:
Bakıda narkotikin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb – VİDEO
Polis Bakının Yasamal rayonunda narkotikin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib, 10 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son bir-neçə gün ərzində həyata keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb.
Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən üç kiloqrama yaxın heroin, tərkibi pisxotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır. Paytaxt və regionlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.
Bakının üç rayonunda binaların elektrik paylayıcı qutularından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO
Bakının üç rayonunda ayrı-ayrı ünvanlarda binaların girişlərində quraşdırılmış enerji paylayıcı qutularından müxtəlif markalı elektrik avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə talama cinayətlərini törətmiş əvvəllər dəfələrlə məhkum olunan 63 yaşlı Qulam Qulyev saxlanılıb. Onun oğurladığı avadanlıqların bir hissəsi tapılaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı Q.Qulyevin Xətai və Sabunçu rayonlarında da binaların həyətlərində analoji hadisələr törətdiyi müəyyən edilib. Saxlanılan şəxsin həmin əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
“Union Logistics” şirkəti sahibkarların 300 min dollarını mənimsəyib? – VİDEO
“Bakının Nəsimi rayonunda yerləşən “Union Logistics” MMC şirkəti mütəşəkkil dəstə halında 18 sahibkara ümumilikdə 300 min dollar ziyan vurub”.
Bu şikayətlə “Qafqazinfo”ya bir qrup sahibkar müraciət edib.
Belə ki, “Softech-A” şirkətinin direktoru Cavid Nəbiyev, “Ulanzi Azerbaijan” MMC-nin təsisçisi Əsgərov Kənan, “Qlobal KS” MMC-nin rəhbəri Ceyhun Süleymanov, “3ADDIMPRINT” MMC-nin direktoru Ceyhun Sahilov, “Wonlex Azerbaijan” təsisçisi Rəna Mənsurova, “İNFİNİTY SOLUTİONS” MMC rəhbəri Fərrux Cəfərov, “LumeGrand” MMC rəhbəri Tural Əhmədov, “OTSTEC” MMC təsisçisi Rauf Qədirov və fərdi sahibkarlar İlham Hacıbalayev,Ələddin Mehdiyev, Rauf İsmayılov ötən ilin avqust ayında adıçəkilən şirkətlə müqavilə bağlayaraq, Çindən sifariş olunan malların Azərbaycana çatdırılması ilə bağlı razılığa gəliblər. Amma mallar hələ də sahibkarlara çatdırılmayıb.
Onlar bildirib ki, adıçəkilən şirkətin direktoru Mehdiyev Rövşənin yerli və xarici logistika şirkətlərinə külli miqdarda borcu olduğu üçün, son 5 ay ərzində ən bahalı malları və sahibkarlara məxsus yükləri qeyri-rəsmi yollarla satıblar: “Onlar mütəşəkkil dəstə halında işləyirlər. Çin Xalq Respublikasında sahibkarların yüklərini anbarlara qəbul edən şəxs də şirkətin direktorunun xalası oğludur. Gömrük orqanlarında sənəd rəsmiləşdirməsi işləri ilə məğul olan isə bir başqa adamdır. Ehtimal olunur ki, yük Azərbaycan sərhədini keçsə də, gömrük orqanlarında öz adlarına sənəd saxtalaşdırılması edib, Azərbaycan ərazisində yükləri satıblar”.
Sahibkarların dediyini görə, şirkət onlara məxsus yüklərin Çinin Kaşqar ( Qırğızıstan ilə sərhəd), Qazaxıstanın Horqos dövlət anbarlarında olduğunu deyiblər: “Lakin bununla bağlı heç bir sənəd foto və ya video təqdim edilmədi. Dəfələrlə şirkətin direktoru ilə görüşmək istəsək də, işçilər müxtəlif bəhanələrlə bizi uzaqlaşdırıb.
Belə olduğu halda hər iki səfirliyin Çin Xalq Respublikasının və Qırğızıstan Respublikasının səlahiyyətli şəxslərindən məsələnin həqiqiliyini öyrənmək məqsədilə, bizlərə köməklik göstərmələrini ümid edirik. Avqust ayından bəri yüklərdən heç bir xəbər ala bilməmişik. Digər sahibkarlara da ziyan dəyməməsi üçün, daşınacaq yüklərini indi və gələcəkdə bu şirkətin Çindəki anbarlarına göndərməmələrini tövsiyə edirik”.
Sahibkarların 30 min dollar mənimsəmə iddiaları ilə bağlı “Union Logistics”lə əlaqə saxladıq. Şirkətin satış şöbəsinin rəhbəri Anar Qafarlı saytımıza cavab olaraq bildirdi ki, yüklər ay sonuna kimi təhvil veriləcək: “Sahibkarlara yüklərin harada olması ilə bağlı məlumat vermişik. Lakin onlar şəkil, video tələb edirlər. Ancaq xarici dövlət anbarında olan yüklərin şəklini çəkmək qadağandır. Bizim belə bir icazəmiz yoxdur. Bu ayın sonuna qədər yüklər təhvil veriləcək. Onlar rəqəmlər iddia edirlər, lakin bizim həmin yüklərin qiymətindən xəbərimiz yoxdur, bu, gömrüyü maraqlandıran mövzudur. Biz yükdaşıma şirkətiyik. Yüklərin daşınmasında sıxıntı var idi. Amma düzəlib. Bundan öncə də bizdə belə bir problem olmayıb. Yüklər həmişə 1 aya çatdırılır. Oradakı sahibkarlar əvvəl də bizimlə işləyib. Hər şey qaydasındadır, şəffaf şəkildə işləyirik. Borc məsələsinə qaldıqda isə, bu iddialar əsassızdır. Nəticə olaraq deyim ki, ay sonuna kimi, bütün yüklər təhvil veriləcək”.
Sahibkarlar həmçinin, bildirib ki, məsələ ilə bağlı digər zərərçəkmişlər də varsa, əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, sözügedən problem ötən gün “Xəzər Tv”də yayımlanıb.
Bununla bağlı videomaterialı təqdim edirik:
“Gec gəldilər, texnika da işləmədi deyə şadlıq evi bu vəziyyətə düşdü” – Video
Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən şadlıq evlərindən birinin zirzəmisini və parklanma zonasını su basıb.
“Xəzər TV”nin hazırladığı sujetdə bildirilib ki, restoranın zirzəmisinə yığılan su getdikcə artmağa başlayıb.
Şadlıq evini işlədən Ruslan Hüseynov bildirib ki, hadisə dünən olub. Bununla bağlı dərhal aidiyyəti quruma müraciət ediblər: “Məlum oldu ki, subasmaya səbəb istilik borusunun partlaması nəticəsində olub. Aidiyyəti qurum gec reaksiya verdi, ilkin olaraq özümüz generatorları qoşduq. Gəldikləri zaman isə texnikalarından biri yararsız olduğu üçün, geri qayıtdılar. İstəyirik ki, bu problem tezliklə aradan qalxsın ki, başqa fəsadlar yaranmasın”.
Məsələ ilə bağlı “Azəristiliktəchizat”dən bildirilib ki, magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmir: “Həmin ünvanda magistral xətdə qəza baş verib, hazırda tədbir görülməkdədir. Magistral yolda istənilən vaxt qazıntı işləri apara bilmək üçün aidiyyəti dövlət qurumları ilə razılaşdırılma aparılmalıdır. Həmçinin, ərazidə hərəkətin təhlükəsizliyi təmin edilməli və digər tədbirlər görülməlidir. Hazırda bu istiqamətdə iş aparılır, təcili texniki tədbirlər görülür və su çəkilir”.
Daha ətraflı videomaterialda:
Qəzalı körpü tam söküldü – Fotolar – Video
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi davam etdirilir.
Ilkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilib.
Belə ki, körpünün Samur-Abşeron su kanalı tərəfində olan hissəsi tam olaraq sökülüb, dəmir yolu üzərində keçən hissə üzrə körpünün üst qatı götürülüb, hazırda dayaqların söküntüsü işləri həyata keçirilir.
Xatırladaq ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.
Bu yollarda elektron tərəzilər var – Siyahı – Video
Avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, 1-ci mərhələdə 11 yerdə 17 tərəzi, 2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb.
Qeyd edilib ki, artıq 1-ci mərhələ üzrə 4 yerdə 6 tərəzinin quraşdırılması işləri tamamlanıb, 7 yerdə 11 tərəzinin qısa müddət ərzində istismara verilməsi planlaşdırılır:
M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 44,6-cı kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb, məntəqə istismara verilib.
M-3 Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 11,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
M-3 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələrin quraşdırılması işləri davam etdirilir.
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində sol tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
M-5 Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 44,9-cu kilometrində sağ tərəfdə texniki vasitələrin quraşdırılması tamamlanıb. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 91,6-cı kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu) avtomobil yolunun 21,4-cü kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması işləri davam etdirilir. Yanvar ayının sonuna qədər məntəqənin istismara verilməsi planlaşdırılır.
2-ci mərhələdə 20 yerdə 34 tərəzinin quraşdırılması nəzərdə tutulub. Layihənin tam olaraq 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. Artıq 2-ci mərhələ üzrə işlərin başlanılması üzrə hazırlıq işləri aparılır və 1 ərazidə elektron tərəzi məntəqəsinin quraşdırılmasına start verilib:
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 451,2-cu kilometrində sağ və sol tərəfdə texniki vasitələr quraşdırılması üçün ərazidə təmir işlərinə başlanılıb.
Qeyd edək ki, məlumatların vahid mərkəzdə toplanılması üçün İdarəetmə Mərkəzi (Monitorinq mərkəzi) qurulub.
Bundan başqa iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta istismara verilmiş elektron tərəzilərin vasitəsi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər tamamlanıb.
“Çox yaşa” layihəsi – Video
Uzun illər bundan əvvəl keçirilən ağır cərrahi əməliyyatdan bir neçə gün sonra həkimini itirən Gülarə Məmmədova 14 il sonra bilir ki, bədənində yad cisim qalıb.
Bu barədə Gülarə xanım TƏBİB-in “Çox yaşa” layihəsində danışıb.
Hər iki böyrəklərini tamamilə itirmək təhlükəsi ilə üzləşən qadın çoxsaylı cərrahi əməliyyatdan sonra həyata qaytarılıb.
Yaşamaq uğurunda mübarizədən qalib ayrılan G. Məmmədova “Çox yaşa” layihəsi vasitəsi ilə öz hekayəsini danışır.
“Qız panikaya düşmüşdü, xahiş etdi, yerimizi dəyişdik” – Video
“Əsgərlikdən təzə gəlmişdim. Rusiyaya atamın yanına gedirdim. Ailəvi orada yaşayırıq, təhsilimi də orada alıram”.
Bunu AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsində xəsarət alan Məhəmməd Papaxov deyib.
“Hardasa 1 saat keçmişdi, hər şey yolunda idi. Sonra təyyarədə nəsə səs gəldi, sərnişinlər panikaya düşdülər. Bizə demişdilər ki, qəza enişi olacaq. Stüardessa hamını sakitləşdirib deyirdi ki, hər kəs yerində otursun, kəmərlərini bərkitsin. Qorxu, təşviş var idi. Düşəndən sonra gözlərimi bağladım, ora-bura dəydim, hər yerim əzildi. Pilotlar bacardıqları qədər yaxşı eniş etdilər. Təyyarəni başıaşağı buraxsaydılar, bəlkə də heç kim sağ çıxmazdı. Mən 30-cu yerdə, düz qanadın üstündə oturmuşdum. 31-ci yerdə bir qız oturmuşdu, panikaya düşmüşdü. Xahiş etdi, yerimizi dəyişdik, 31-ci yerdə oturdum. Eşitdim ki, o da sağdır, xəstəxanadadır”, – deyə M.Papaxov bildirib.
Ətraflı videomaterialda:
“Haber Global”ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb – VİDEO
Türkiyənin “Haber Global” telekanalında ekspertlərin iştirakı ilə hazırlanan verilişdə Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər yer alıb.
Müzakirələrdə Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirilib.
Azərbaycan liderinin “Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir” ifadəsinə xüsusi əhəmiyyət verən ekspertlər Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi barədə danışıblar.
İstanbul Gelişim Universitetinin doktorantı Ali Semin bildirib ki, Türk Dövlətləri Təşkilatının aktiv fəaliyyət göstərməsində Türkiyə və Azərbaycanını xüsusi rolu var. Türkiyəli siyasi ekspert Oğuzhan Bilgin isə rəsmi Tehranın Azərbaycan və Türkiyəyə qarşı siyasətini kəskin tənqid edib.
Vilayət Eyvazov sıra baxışı keçirdi – Fotolar+Video
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvar ayının 7-də və 8-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə İsmayıllı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra İsmayıllı Rayon Polis Şöbəsində İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarından qəbula gələn 294 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 23 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 196 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Binəqədidə vətəndaşlar liftdə qaldı – Video
Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq prospektində doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Dərhal əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan bina sakinləri xilas edilib.
Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi – Video – Fotolar
Mövcud M3 Ələt-Astara-İran ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.
Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.
Artıq layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Hazırda ərazinin profilə salınması, yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri son mərhələdə olmaqla aparılır.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.
Qazaxda ev yandı – Video
Qazax şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verib.
FHN-dən verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Ümumi sahəsi 60 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ikiotaqlı fərdi yaşayış evinin bir otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yaşayış binasında köməksiz qalan azyaşlı xilas edildi – Video
Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq evdə yatmış vəziyyətdə aşkarlanmış 2011-ci il təvəllüdlü yeniyetməni valideynlərinə təhvil veriblər.
Sumqayıtda fərdi yaşayış evində yanğın olub – Video
Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yanğın baş verib.
Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evinə bilavasitə bitişik taxta tullantıları yığılmış sahədə baş vermiş yanğın evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 10kv.m. sahədə taxta tullantıları yanıb.
Fərdi yaşayış evi yanğından mühafizə olunub.
Yeni il gecəsi qəzaya düşən şəxs 1 həftə sonra öldü – VİDEO
Yeni il bayramı günü qəzaya düşən şəxs vəfat edib.
Dekabrın 31-də saat 20:20 radələrində Salyan şəhərində “Hyundai” markalı avtomobilinin aşması nəticəsində ağır xəsarətlər alan Əhmədov Hilal Rafət oğlu xəstəxanada ölüb.
Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən sürücü ötən gecə dünyasını dəyişib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.
Həmçinin baxın
Bakıda narkotikin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib, 10 nəfər saxlanılıb – VİDEO
Bakının üç rayonunda binaların elektrik paylayıcı qutularından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb – VİDEO
“Union Logistics” şirkəti sahibkarların 300 min dollarını mənimsəyib? – VİDEO
“Gec gəldilər, texnika da işləmədi deyə şadlıq evi bu vəziyyətə düşdü” – Video
“Haber Global”ın efirində Azərbaycan liderinin son bəyanatları geniş işıqlandırılıb – VİDEO
Azərbaycandan yola düşən 200 ton ərzaqla dolu 10 yük maşını Suriyaya çatıb – VİDEO
Salyanda ağır yol qəzası olub, avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin xilas edilib – VİDEO
Qazaxıstanda təyyarə qəzasında həlak olanların xatirəsinə mahnı bəstələnib – VİDEO
“HaberGlobal”: Azərbaycan aviaqəzanın səbəblərinin ortaya çıxarılması istiqamətində şərtlərini açıq-aydın söyləyir – VİDEO
“HaberGlobal”: Azərbaycan aviaqəzanın səbəblərinin ortaya çıxarılması üçün diplomatik gücünü göstərməkdə qərarlıdır – VİDEO
“Haber Global”: Azərbaycan Prezidentinin qətiyyəti sayəsində Rusiyanın alternativ variantı qalmadı – VİDEO
“HaberGlobal”da Rusiyanın təyyarəyə eniş icazəsi verməyənləri cəzalandırması istənilib – VİDEO
Türkiyəli ekspert: Rusiya Prezidentinin üzrxahlığından sonra aviaqəzanın necə baş verdiyinə aydınlıq gətirilməlidir – VİDEO
“Haber Global”: Azərbaycan diplomatik gücünü göstərdi, Moskva vurulan təyyarəyə görə üzrxahlıq etdi – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla