“Bütün dünyaya insan hüquqları ilə bağlı car çəkən Ermənistan öz mənfur əməllərinin nəticəsi olaraq mülki əhaliyə qarşı mina terroruna davam etməkdən çəkinmir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Bütün dünyanın terrora qarşı vahid cəbhədə birləşməli olduğunu vurğulayan deputat bildirib ki, buna baxmayaraq hələ də azərbaycanlılara qarşı davam edən mina terroru barədə Ermənistana qarşı beynəlxalq təşkilatlardan hər hansı qınama, adekvat cavab gəlmir: “Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında sözügedən məsələ barədə danışıb və beynəlxalq təşkilatları bu ərazilərə dəvət edib ki, Ermənistanın törətdiyi cinayətləri öz gözləri ilə görsünlər. Təəssüf ki, məhz elə həmin beynəlxalq təşkilatlarda kök salmış erməni lobbisi və yaxud onun maliyyə dəstəyindən istifadə edən məmurlar bu vəhşiliyə göz yummağa davam edirlər. Bu, birbaşa insan hüquqlarının pozulmasıdır və dünya birliyi buna susmamalıdır”.

Onun sözlərinə görə, Azərbaycan əzəli torpaqlarını işğaldan azad etdikdən sonra həmin ərazilərdə dinc quruculuq işləri ilə məşğul olmalı idi: “Ermənilər isə nəyin bahasına olursa-olsun, bu məskunlaşmanın, Böyük Qayıdışın qarşısını almaq üçün mina terroruna əl atıb. Onlar əsasən elektrik, qaz xətləri, avtomobil yolları kimi həyat üçün əhəmiyyətli olan infrastrukturun keçdiyi əraziləri minalayıblar. Azərbaycan bu gün qardaş Türkiyənin də dəstəyi ilə öz gücü hesabına əraziləri minalardan təmizləyir. Bu isə çox ciddi maliyyə vəsaiti və texnika tələb edən bir məsələdir. Ermənilərin illərlə tarixi torpaqlarımızı minalamasının əsas məqsədi isə azərbaycanlıların öz yurdlarına qayıtmasını ləngitmək və insanlarda qorxu hissi yaratmaq olub. Bütün dünyaya insan hüquqları ilə bağlı car çəkən Ermənistan öz mənfur əməllərinin nəticəsi olaraq mülki əhaliyə qarşı mina terroruna davam etməkdən çəkinmir”.

İstinadlar Report