“Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə “dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər”.

Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında yer alıb.

Kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivləri barədə fikir yürüdən müəllif problemin həll edilməməsinin Ermənistana mənfi təsirlərinə dair yeni misallar gətirir. Məsələn, sabiq prezident Levon Ter-Petrosyanın “Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” məqaləsindən götürülən tezislər bu gün də aktuallığını saxlayır. Yaxud “BE Berlin Economics GmbH” konsaltinq şirkətinin Berlin qərargahının bu ilin əvvəllərində apardığı “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmada sülhün qonşu dövlət üçün faydaları göstərilir.

Oxumağa dəyər:   Sabah dalğanın hündürlüyü 7,5 metr olacaq

Eləcə də siyasi kontekstdə, qondarma “ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələnin heç vaxt praktik müstəvidə qoyulmadığını bildirən Ramiz Mehdiyev Ermənistanın baş naziri N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirmək cəhdinin beynəlxalq vasitəçilər tərəfindən rədd edildiyini və martın 29-da Vyanada iki dövlətin rəhbərlərinin görüşünün formatının dəyişmədiyini vurğulayır.

Həmçinin Prezident İlham Əliyevin görüşdən sonra TASS agentliyinə müsahibəsində səsləndirdiyi bu fikri xatırladır: “Danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”.

Akademik yazır: “Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan “qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.

Oxumağa dəyər:   Azərbaycan sərhədinə doğru gələrək 4 bağlama atıb...

Əsərdə Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş işğalçı rejimin cinayətkar mahiyyəti bir çox mənbələrə, o cümlədən britaniyalı Harrold Keynin “Narko-Qarabağ” kitabına istinadla açılıb göstərilir.

Amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan “Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!” sözlərini xatırladan akademik vurğulayır ki, münaqişə ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.