Beynəlxalq təşkilatların fəaliyyətsizliyi ona gətirib çıxardı ki, sərhəddə növbəti təxribatların gedişində sentyabrın 27-də hərbi əməliyyatlar başlandı.

Bu barədə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktorunun müavini Darya Qrevtsova bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin iclasında beynəlxalq ictimaiyyəti Ermənistanın davranışına və Azərbaycanın işğal edilmiş ərazilərinin dinc yolla, danışıqlar vasitəsilə azad edilməsini nəzərdə tutan BMT qətnamələrini yerinə yetirməkdən onun inadla imtina etməsinə diqqət yetirməyə nahaqdan səsləmirdi.

Ekspert deyib: “Beynəlxalq təşkilatların fəaliyyətsizliyi ona gətirib çıxardı ki, sərhəddə növbəti təxribatların gedişində sentyabrın 27-də hərbi əməliyyatlar başlandı. Azərbaycan daim sülh danışıqlarında təkid edə bilməz, xüsusən ona görə ki, onun vətəndaşları – hərbçilər və dinc əhali həlak olur. Digər tərəfdən, Azərbaycan ordusunun hərbi-texniki təchizatı erməni silahlı qüvvələrini əhəmiyyətli dərəcədə üstələyir. Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir. Türkiyənin dəstəyi də Azərbaycan ordusunun mənəvi ruhunu xeyli möhkəmləndirir. Türkiyənin bir çox KİV-ləri bu günlərdə Azərbaycana dəstək sərlövhələri ilə dərc edilib”, .

D.Qrevtsova əminliyini bildirib ki, Azərbaycan ordusunun üstünlüyü Ermənistanı sülh müqaviləsi imzalamağa və sərhədlərin blokadadan çıxarılması və demilitarizasiyası müqabilində Dağlıq Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarmağa məcbur edəcək. “Dağlıq Qarabağ ərazisinin taleyi isə növbəti mərhələdə həll etmək olar. Bu barədə bir neçə il bundan əvvəl Rusiyanın vasitəçiliyi ilə işlənib hazırlanmış “Kazan formulu”nda deyilir. Əks halda Azərbaycan bu torpaqları güc tətbiq etməklə qaytaracaq, lakin böyük itkilər olacaq. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların vəzifəsi Yerevana təzyiq göstərməkdir ki, o, sülh sazişini imzalasın, – deyə Darya Qrevtsova sonda vurğulayıb.

İstinadlar Azertag