
“30 il əvvəl Azərbaycan əleyhinə hüquqi boşluqdan istifadə edib başlatdığı müharibə metodologiyasının tələsinə indi Ermənistanın özü düşüb”.
Bunu “Report”a açıqlamasında politoloq Əziz Əlibəyli deyib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı 21 dəqiqəlik çıxışı zamanı səsləndirdiyi bir sıra məqamlara toxunan siyasi şərhçi qeyd edib ki, hökumət başçısının iftira və yalan dolu çıxışının bir neçə arqumentinə asanlıqla cavab vermək mümkündür: “Əvvəla, erməni silahlı birləşmələri və eyni zamanda erməni terrorçuları tərəfindən Azərbaycan vətəndaşları soyqırımına məruz qalıb ki, bu da ümumi şəkildə müharibə cinayətləri kateqoriyasına aid edilir. Həmçinin ölkənin daxilində öz yurdlarından köçə məcbur edilən şəxslər də var. Bu, birmənalı şəkildə onu göstərir ki, Ermənistanın hərbi əməliyyatları mülki xarakter daşıyıb və birbaşa Azərbaycanın mülki vətəndaşlarına qarşı yönəlib. Müharibənin aparılması ilə bağlı qəbul edilmiş beynəlxalq standartların pozulması məsələsində də Ermənistan cinayət törədib. Vətən müharibəsi dövründə Azərbaycanın Gəncə, Bərdə, Tərtər şəhərlərinin bombalanması faktını unutmaq olmaz. Qeyri-hərbi zonada yerləşən şəhərlərin bombalanması hərbi cinayətdir. Bu mənada Ermənistanın əhaliyə qarşı atılmış addım ilə bağlı göstərə biləcəyi heç bir faktı yoxdur. Bir sözlə, ermənilər öz adlarını bizə qoymağa çalışırlar, lakin gözlə görülən faktlar buna imkan verməyəcək”.
Politoloq əlavə edib ki, digər bir məsələ isə sərhədlərin tanınması ilə əlaqədardır: “Bir dövlət digər dövlətin müstəqilliyini və ərazi bütövlüyünü o zaman tanıyır ki, iki dövlət arasında ərazi tanınması ilə bağlı müqavilə olsun. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başladı və heç bir halda bunu müharibə elanı ilə müşayiət etmədi. 30 il əvvəl Ermənistan Azərbaycan əleyhinə hüquqi boşluqdan istifadə edib başlatdığı müharibə metodologiyasının tələsinə indi özü düşüb. Belə ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, deməli Azərbaycan da Ermənistan ərazisinin hansı xətlərdən keçməsi ilə bağlı heç bir hüquqi öhdəlik götürmür. İndi Paşinyan “29,8 min kvadrat km Ermənistan ərazisidir” deyib qışqırmağa başlayıb. Amma beynəlxalq səviyyədə tanınmış ərazilər dedikləri tezis Ermənistanın ərazi bütövlüyünü ehtiva etməyən bir məsələdir. Çünki biz Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttinin hansı koordinatlardan keçdiyi barədə məlumata malik deyilik. Ona görə də Paşinyanın bu açıqlaması da blefdir”.