Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin keçmiş sədri Bayram Səfərov erməni jurnalistlərinin Azərbaycana səfərinə münasibət bildirib. 
B.Səfərov açıqlamasında deyib ki, ermənilərin Bakıya səfərini aqressiv qarşılamaq doğru deyil:
“Ermənilər Azərbaycana gəlib və gəlməlidir. Çünki onlar gəlib Azərbaycandakı inkişafı görməlidirlər və sonra gedib öz vətəndaşlarına bunu danışmalıdırlar. Ermənilər möhtərəm Prezidentimizin rəhbərliyi altında bu gün Azərbaycanda görülən böyük quruculuq işlərini, Azərbaycan xalqına yaradılan gözəl şəraiti, Bakının və regionların inkişafını və sairə digər müsbət dəyişiklikləri görməlidir, fotolarını çəkib öz vətəndaşlarına göstərməlidir. Erməni jurnalistlər burada gördükləri inkişafı öz vətəndaşlarına çatdıranda, onlarda da dəyişiklik olacaq. Yoxsa, ermənilər Bakıya gəlməsə, bəs bütün bu inkişafı necə görəcəklər?”.
B.Səfərov azərbaycanlı jurnalistlərin Ermənistana gözlənilən cavab səfərindən də danışıb:
“Siz jurnalistlər də gedib Ermənistanı görməlisiniz və onların acınacaqlı vəziyyəti ilə Azərbaycanın inkişafını müqayisə etməlisiniz. Ermənilərə isə deməlisiniz ki, bəs sizinkilər Bakıdan qayıdıb nə göstərib? Ümumiyyətlə, mən ermənilərin Azərbaycana səfərlərinin aqressiv qarşılanmasının əleyhinəyəm. Danışıqlar, gediş-gəliş hər zaman olmalıdır, onlar reallığı görməlidirlər. Qarabağlı kimi mənim şəxsi fikirlərim belədir”.

İstinadlar Demokrat