Qafqaz Müsəlmanlari İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bəyanat yayıb.

Bəyanatda deyilir:

“Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərimizdə, həm də Ermənistan ilə dövlət sərhəddində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir.

27 sentyabr tarixindən bu günədək Ermənistan Azərbaycanın onlarla şəhər və yaşayış məntəqələrinin, o cümlədən, hərbi əməliyyatların baş verdiyi bölgədən xeyli uzaqda yerləşən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin dəfələrlə atəşə tutulması ardından 28 oktyabr tarixində qədim şəhərimiz Bərdə raket atəşlərinə məruz qalıb. Bərdədə azyaşlı uşaqlar daxil 21 nəfər qətlə yetirilmiş, 70-dən artıq insan yaralanmışdır. Ümumilikdə, bu günədək 90-dan artıq dinc sakinimiz həlak olmuş, 392 yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli ev, 423 mülki obyekt dağıdılıb. Gəncədə, Bərdədə qətlə yetirilmiş məsum uşaqların ölümü heç bir insanı biganə qoya bilməz. Lakin Ermənistanın dövlət səviyyəsində törətdiyi bu terrora dünya ictimaiyyəti hələ də yekdil, birmənalı mövqe ifadə etmir.

Ermənistanın bu təcavüzkar, işğalçı cinayətlərinə erməni kilsəsi tərəfindən xeyir-dua verilməsi təəssüf doğurur. Erməni qriqoryan kilsəsi ən müqəddəs dəyər olan insan həyatına deyil, ölümə xeyir-dua verir, uşaqların, qadınların ölümünə, dinc insanların qətlinə bəraət verməsi isə heç bir məntiqə sığmır. Bütün səmavi dinlərin Kitablarında, o cümlədən, İncildə, İsa Peyğəmbərin xitablarında insanları yaşamağa və yaşatmağa çağırış vardır. Xristianlığın təməl prinsiplərinə xilaf çıxan, İncilin sülhsevər çağırışlarına zidd gedən erməni qriqoryan din xadimlərinin belə bir davranışı mənsub olduqları din adına həqarətdir. Sülh üçün dua etmək əvəzinə, müharibə səngərlərində bir əlində xaç, bir əlində silah tutub əsgərlərini Azərbaycan torpaqlarının işğalına ruhlandıranların həqiqi din xadimliyi şübhə doğurur. Öz xalqını sülhə deyil, zorakılığa təhrik edən Ermənistan dövləti, erməni kilsəsi öz millətini ölənədək savaşa səsləməklə erməni xalqının gələcəyini təhlükə – fəlakətə sürükləyir.

Dünya dövlətlərinin rəhbərlərinə, beynəlxalq təşkilatlara və dini liderlərə müraciət edərək, erməni qriqoryan kilsəsi başçısının dünyadakı ermənilərə müraciətinin mahiyyətini və mümkün fəsadlarını lazımınca qiymətləndirməyə çağırıram”.