Xəbər verdiyimiz kimi iyunun 10-da Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

‘Trthaber’in məlumatına görə, görüşdə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, İsrailin Qəzzada törətdiyi qırğınlar, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan quruculuq işləri, regional və qlobal məsələlər müzakirə edilib.

Görüşdə müzakirə olunan məsələlərlə bağlı Prezidentin mətbuat idarəsindən açıqlama verilib.

Açıqlamada deyilir ki, Ərdoğan görüşdə Rusiyanın Qarabağdakı Sülhməramlılarının bölgədən çıxması ilə bağlı prosesi, eləcədə də erməni işğalından azad edilmiş Azərbaycan torpaqlarında aparılan quruculuq və dirçəliş işlərini Türkiyənin yaxından və təqdirlə izlədiyini bildirib.

Prezident Ərdoğan İsrailin Fələstin torpaqlarında, xüsusilə Qəzzada soyqırım əməllərinin davam etdiyini, İsrailin bu cinayətlərlə təkcə regional deyil, qlobal təhlükəsizliyi də təhdid etdiyini, daimi həll yolunun paytaxtı Şərqi Qüds olan Fələstin Dövlətinin qurulması olduğunu bildirib və vurğulayıb ki, bunun üçün beynəlxalq ictimaiyyət tərəfindən İsrailə təzyiq göstərilməlidir.

Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə Parlamentlərarası Dostluq Qrupunun yaradılması qərarının sevindirici olduğunu dilə gətirən prezident Ərdoğan, KKTC Prezidenti Ersin Tatarın da iyulda Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı Zirvə Toplantısına dəvət olunmasının sevindirici hal olduğunu və Kipr xalqının mübarizəsinə güc qatacağını bildirib.

Prezident Ərdoğan Azərbaycanda keçiriləcək İqlim Zirvəsinə dəvətinə görə Əliyevə təşəkkür edib, hazırlıq prosesində Türkiyənin hər cür dəstəyi verəcəyini və Birinci xanım Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır Tullantı Layihəsi” çərçivəsində sammitdə mühüm tədbirlərin keçiriləcəyini də əlavə edib.