“Bob Menendez Türkiyəni tanımır. Deyəsən, heç Tayyib Ərdoğanı da tanımır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına açıqlamasında deyib.

O, ABŞ Konqresindəki ermənipərəst senator Bob Menendezin Yunanıstanın təhlükəsizliyi kimi bir sıra məsələləri bəhanə edərək F-16-ların Türkiyəyə satışına mənfi yanaşmasına münasibət bildirib: “Yunanıstan ilə Türkiyənin qədim bir dostluğu var. Menendez, deyəsən, Türkiyəyə qarşı düşmən münasibət bəsləyir və bizi onun seçdiyi konkret müzakirə arealına çəkməyə çalışır. Amma biz bunun bir parçası olmayacağıq. Yunanıstanla dostluğumuz onların düşündüyü kimi deyil”.

Əlavə edək ki, Menendez ABŞ senatının xarici əlaqələr komitəsinə rəhbərlik edir, 2020-ci ildə erməni qadınla evlənib. Mütəmadi olaraq Azərbaycan və Türkiyəyə zərbə vurmaq üçün nə bacarırsa edir. Son olaraq bir neçə gün əvvəl Senatda Qarabağla bağlı dinləmələr keçirmiş, Azərbaycanı ‘Dağlıq Qarabağdakı qədim erməni xalqını soyqırıma məruz qoymaqda’ ittiham etmiş və ABŞ hökumətindən bizə qarşı sanksiya tətbiqi və Laçın yolunun açılması üçün bütün təzyiqləri artırmağı tələb etmişdi.

İstinadlar Report