Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlayıb.

Türkiyə lideri bu barədə TRT-nin efirində bildirib.

Ərdoğan bildirib ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: “Dərhal növbəyə İlham bəy (Prezident İlham Əliyev-red) keçdi. Əliyev “İkincini mənə verin”, – dedi”.

Qeyd edək ki, kütləvi istehsaldan sonra ilk elektromobilin sahibinin Ərdoğan olduğu vurğulanır. Dövlət başçısı qeyd edib ki, həyat yoldaşı Əminə Ərdoğanla məsləhətləşdikdən sonra öz avtomobilinin rəngi ilə bağlı seçim qərarını Türkiyənin birinci xanımının öhdəsinə buraxıb.

Xatırladaq ki, Türkiyənin yerli avtomobili “Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.