“Kipr məsələsində həll ancaq Kipr türk xalqının adanın ortaq sahibi olduğu gerçəyinin qəbul edilməsi ilə mümkündür. Kipr türk xalqının təhlükəsizliyi ilə adadakı tarixi və siyasi haqlarını daimi şəkildə təminata alan hər çözümü dəstəkləyəcəyik”

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında bildirib.

“Ölkəmizi kənarlaşdırmaq məqsədilə boş-boş addımların uğur şansı qəti yoxdur. Bizim nə Şərqi Aralıq dənizində, nə də başqa bir bölgədə kiminsə haqqında, hüququnda, legitim maraqlarında gözümüz yoxdur. Ancaq ölkəmizin və Kipr türklərinin haqlarının tapdalanmasına, maraqlarının yox sayılmasına da göz yummayacağıq. Bölgədə bu gün yaşanan problemlərin səbəbi Yunanıstan ilə Cənubi Kiprin 2003-cü ildən bəri maksimalist tələblərlə atdıqları təktərəfli addımlardır. Türkiyə Şərqi Aralıq dənizindəki hər cür mənfi halların yükünü təkbaşına daşımağa buraxılan ölkədir. Bunun qarşılığında isə məsələ bölgədəki təbii sərvətlər olduqda ölkəmizin yox sayılması nə ağıl və vicdanla, nə də beynəlxalq hüquqla izah edilə bilər”, – ölkə başçısı söyləyib.

R.T.Ərdoğan Şərqi Aralıq dənizi bölgəsindəki problemin müzakirəsi üçün regional konfransın keçirilməsi təklifini edib: “Anlaşmazlıqların səmimi bir dialoqla, beynəlxalq hüquq əsasında, ədalətli şəkildə həllinə üstünlük veririk. Bu məqsədlə bütün bölgə ölkələrinin haqq və maraqlarının sərgiləndiyi, içində Kipr türklərinin də olduğu regional konfransın təşkil edilməsini təklif edirik”.

İstinadlar Report