“Türkiyənin siyasi səhnəsində baş verənlər, Davudoğlunun istefası, Ərdoğanın get-gedə AKP-yə nəzarətinin zəifləməsi və bütün bunların qardaş ölkənin həyatına mənfi yöndə təsir göstərməsi Azərbaycanı da narahat etməkdədir”.

Türkiyənin baş naziri Davudoğlunun istefasını şərh edən yeni yaradılan AXCP sədri Razi Nurullayev belə deyib. Sədr bildirib ki, sevindirici hal AKP qurultayının yaxın zamanda keçiriləcəyidir:

“Sevinirəm ki, nə yaxşı ki, AKP-nin qurultayı may ayının 22-nə təyin olunub və tezliklə yeni baş nazir bəlli olacaq. Narahatlığım odur ki, Türkiyənin Davudoğlu dönəmində başladılan bəzi islahatlar dayansın. Hazırda, Türkiyə ilə Avropa Birliyi arasında ciddi yaxınlaşma baş verməkdədir və sonuncu Türkiyə vətəndaşları üçün viza rejimini aradan qaldırıb. Lakin, yeni baş nazir dönəmində Davudoğlu zamanında götürülən öhdəliklər dayandırılarsa, çox yəqin ki, Avropa Birliyinin rəhbər Şurası və Avropa Parlamenti viza razılaşmasını təsdiqləməsin. Bu isə Türkiyə üçün geriyə addım olacaq”.

Razi Nurullayevin sözlərinə görə Ərdoğan Avropa Birliyi ilə sıx inteqrasiyaya hazır deyil:

“Avropa tipli demokratiya Ərdoğanın qurmaq istədiyi Türkiyə ilə eyni deyil. Əgər, Türkiyənin Avropa Birliyi ilə siyasi inteqrasiyası indiki templə davam edərsə, o zaman Türkiyədə prezident üsul-idarəsinə keçid daha ağrılı proseslərlə və Avropanın şərtləri ilə müşaiyət olunacaq. Türkiyə Avropa qanunlarına uyğunlaşmaq üçün daha yumşaq qanunlar qəbul etməyə vadar olacaq, nəticədə isə Ərdoğanın xarizması ziyan çəkəcək. Cənab Ərdoğan qarşısında şərt sürən, şərt qoyan və önünə keçən adamları sevmir”.

“Növbəti baş nazir də Ərdoğanın seçdiyi adam olacaq” deyən AXCP sədiri bildirib ki, Ərdoğanın partiyaya nəzarəti qismən zəifləsə də, o hələ də sözünü şərtsiz keçirə bilir. Gözləyək. Qardaş ölkəyə huzur, sülh və siyasi stabillik arzulayıram” deyə bildirib. (Qafqazinfo)