Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.

Qanun layihəsi barədə Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi  şöbəsinin müdiri Ələsgər Həsənov məlumat verib.

Diqqətə çatdırılıb ki, qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.

8 fəsil, 23 maddədən ibarət olan sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji effektivliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb.

Layihədə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində informasiya təminatı və maarifləndirmə, beynəlxalq əməkdaşlıq, dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalar ehtiva olunub.

İstinadlar Qafqazinfo