“Ölkə Senatında qəbul olunmuş qətnamə Fransa Milli Assambleyasından keçməyəcək”.

Bunu “Report”un yerli bürosuna Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy Senatda qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qəbul olunmuş qətnaməyə münasibət bildirərkən deyib.

O, qətnamənin qanuna çevrilməsinin qeyri-mümkünlüyünün səbəblərinə də toxunub: “Bu qətnamə simvolik xarakter daşıyır. Fransada, ilk növbədə, parlament təşəbbüsçüsü Senat yox, Milli Assambleyadır. Digər tərəfdən, bütün senatorlar qətnaməyə səs verməyiblər. Ən əsası isə ölkənin hakim partiyasının qətnaməyə səs verməməsidir. Ümumiyyətlə, Fransa Senatının prezidenti və onun katibi səsvermədə iştirak etməyiblər. Bu mətn qanuna təklif yox, sadəcə qətnamədir. Bu qətnamənin qanuna çevrilməsi mümkün deyil”.

E.Dupuy Fransada hakim partiyanın səs vermədiyi bir qətnamənin hökumət tərəfindən nəzərə alınmasının qeyri-mümkün olduğunu bildirib: “Digər əsas məsələ bu qətnamənin mətninin necə yaranmasıdır. Bu mətni ərsəyə gətirən senator və onu dəstəkləyənlər ölkənin müxalif partiyalarının üzvləridir. Senatdakı səsvermə zamanı Fransanın hakim partiyası qətnamənin lehinə səs verməyib. Beləliklə, gələn ilin əvvəli üçün nəzərdə tutulduğu kimi, mətn Fransa Milli Assambleyasına təqdim olunduqda ölkənin hakim partiyası ona səs verməyəcək və beləliklə, qətnamə heç zaman rəsmi xarakter almayacaq. Hökumət isə öz növbəsində ölkənin hakim partiyasının səs vermədiyi bir mətnə istinad edə bilməz”.

İstinadlar Report