Əməkdar artist illər sonra doğma kəndində bayram tonqalı qaladı – Video

Vətənimizin hər obasında, hər elində Novruz bayramına başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar yenilənir, təzələnir. İşğaldan azad edilən Füzuli rayonunun Qoçəhmədli kəndində də təbiət oyanıb, bu yerlərə yeni nəfəs gəlib.
Qoçəhmədli kəndinin bir qrup sakini işğaldan azad edilən kəndlərini Novruz bayramında ziyarət edərək, tonqal qalayıb, ötən günləri bir daha yada salıb, həsrətli günləri geridə qoyublar.
Novruz bayramı münasibətilə doğma torpaqlarına üz tutan bir qrup kənd sakini arasında tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov da var. Xanəndə bir vaxtlar doğulduğu bu kəndin azyaşlısından tutmuş ağsaqqalına kimi hər kəsin yüksək əhval-ruhiyyə ilə Novruza hazırlaşaraq, bu bayramı çal-çağırla necə qeyd etməsindən danışır: “Qoçəhmədli iki böyük sənətkarın – İslam Rzayev və Süleyman Abdullayevin kəndi kimi tanınır. Qoçəhmədlinin ən hündür yerində qədim məscid və bəy evi kimi tanınan tarixi tikililər var. Oranı ermənilər viran qoyublar. Məsciddən tövlə kimi istifadə ediblər, bəy evi isə tamamilə uçurulub, dağıdılıb. Kənd sakinləri bəy evinin qarşısında tonqal qalayıb, bayram qeyd edərdilər. O çal-çağır səsləri hələ də qulağımdadır”.
Neçə illər idi ki, qoçəhmədlilərin Novruz bayramında bir istəkləri, bir arzuları vardı: Doğma torpaqlarının işğaldan azad olunması, Novruz tonqalının kəndlərində qalanması. O arzu artıq üç ildir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan əsgərinin qəhrəmanlığı nəticəsində reallaşıb.
Qoçəhmədli kəndinin sakinləri indi sevinc içindədirlər. Soyuq olmasına baxmayaraq, doğma kəndlərinin havasını alıb, torpağın qoxusunu hiss edən qoçəhmədlililər üçün bu bahar tam fərqli keçir. Onlar arzu etdikləri kimi, budəfəki Novruzda öz ata-baba ocaqlarında tonqal qaladılar, bayramlaşdılar. Tezliklə bu kənd də dövlətimiz tərəfindən yenidən qurulacaq, sakinlər hər bayramda tonqal ətrafına yığışıb, əvvəlki kimi deyib-güləcək, şənlənəcəklər.
“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftədən sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satdığını deyən 10 yaşlı Elvinin videosu yayılıb.
Baku TV qardaşı Eminlə birlikdə nənəsinin himayəsində yaşayan Elvinin rayonunda (Gədəbəy) olub.
Azyaşlıların nənəsi və anası danışaraq maddi imkanlarının qənaətbəxş olmadığını bildiriblər.
“4 ildir ayrılmışıq. Kimsəsiz insanam, qonşular kömək edir, dolanıram. Aliment də kəsiblər, vallah, verə bilmirəm. Fəhləlik olanda gedib 5-3 manat qazanıram. Elə gün olur ki, ac yatıram… Onlarla görüşmək istəyirəm. Amma məni küçədə görəndə daşa basırlar”, – deyə uşaqların anası deyib.
Daha ətraflı süjetdə:
Bayılda evlərdən birinin üzərinə qaya parçası düşüb – Video

Bayıl qəsəbəsində dərədə tikilən evlərin birinin üzərinə qaya parçası düşüb.
Xoşbəxtlikdən həmin ərəfədə ev sahibləri mənzildə olmayıblar. Bu hadisədən sonra ərazidə yaşayan digər sakinlər də narahat olublar. Çünki hadisənin yenidən təkrarlanacağı təqdirdə sağ qalacaqlarına ümid etmədiklərini bildirirlər.
Hadisə iyun ayının 6-sı baş verib.
2004-cü ildən bəri ərazidə yaşayan sakinlər bildirirlər ki, təpələrdən daşların yuvarlanıb evlərə sarı gəlməsi nadir hal olsa da, əvvəllər yaşanıb.
Ev sahibi isə aidiyyəti qurumların hadisəyə biganə yanaşmasından şikayətçidir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Naziriyindən “Xəzər Xəbər”ə bildirilib ki, quruma bununla bağlı müraciət daxil olub. Ancaq insan faktoru təhlükəsi olmadığına görə aidiyyəti üzrə rayon icra hakimiyyətinə yönəldilib.
Səbail Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, sözügedən ünvana bir müddət əvvəl yerində baxış keçirilib və lazımi qurumlara rəsmi müraciət olunub.
Daha ətraflı videomaterialda:
Hərbi vəzifəlilərin təlimindən – Video

“N” hərbi hissəsində 2023-cü il üçün hazırlıq planına əsasən ehtiyatda olan hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanışda hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif tapşırıqlar yerinə yetirilib.
Əvvəlcə hərbi vəzifəlilərə təhlükəsizlik, silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları çatdırılıb.
Təlim sahəsində praktiki vərdişlərini təkmilləşdirən hərbi vəzifəlilər silahların döyüşə hazır vəziyyətinə gətirilməsi, atəş mövqeyinin tutulması və düzgün nişanalma qaydalarına əməl etməklə şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO

Son bir neçə gün ərzində keçirilən belə tədbirlər zamanı 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verdiyimiz kimi vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələri sahiblərinə fasiləsiz xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili nəticəsində gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb. Yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Texniki baxışa təqdim edilməyən avtobuslar isə sərnişinlərin və yollarda digər hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradır.
Araşdırmalar zamanı qeyri-qanuni yollara əl ataraq avtomobili texniki baxışa təqdim etməyən avtobusların əsasən mərkəzdən kənarda, kənd və qəsəbələr arasında fəaliyyət göstərdiyi müəyyən edilib. Həmin sürücülərin, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Son bir neçə gün ərzində keçirilən belə tədbirlər nəticəsində texniki baxışdan yayınmaq üçün dövlət qeydiyyat nişanlarına müdaxilə edən, habelə digər üsullara əl atan 150-dən artıq avtobus və mikroavtobus sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində qanunauyğun tədbirlər görülüb. Həmin avtobuslardan 100-dən çoxunun dövlət nömrə nişanının dəyişdirilməsi, nasazlıqların aradan qaldırlması və texniki baxışdan keçirilməsi təmin edilib.
Onların mənsub olduğu sərnişindaşıma şirkətləri qarşısında nəqliyyat vasitələrinin dövlət nişanlarının bərpa edilməsi tələbi qoyulub. Sərnişinlərin rahatlığını təmin etmək və avtobusların qısa müddətdə xəttə qayıtması məqsədi ilə onlara dövlət qeydiyyat nişanlarının dəyişdirilməsi, nasazlıqların aradan qaldırılması və texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsində xüsusi şərait yaradılıb.
Hər kəsi texniki cəhətdən nasaz avtobuslarla səfər etməyin ağır faciələrə səbəb ola biləcəyini anlamağa və polis əmədakdaşlarının bu sahədə həyata keçirdikləri profilaktik tədbirlərə öz tövhəsini verməyə çağırırıq. Avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir.
Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib – VİDEO

Bakıda doqquz mərtəbəli binada yanğın olub, 6 nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gecə FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Bina və mənzillər yanğından mühafizə olunub.
Mənzil başına çatmaq istəyənlər – Son mənzilə yola salınırlar – VİDEO

Bakıda piyadaların ən çox vurulduğu ərazilər açıqlanıb.
Mövzu ilə bağlı İctimai Televiziya reportaj hazırlayıb.
Bildirilib ki, Bakıda piyadaların ən çox vurulduğu ərazilər Heydər Əliyev, Ziya Bünyadov, Babək, 8 Noyabr Prospekti və Yusif Səfərov küçələridir.
Sözügedən süjeti təqdim edirik:
Yağış Qaxdakı yollarda da məhdudiyyət yaratdı – Video

Qeyri-sabit hava şəraiti nəticəsində gecə saatlarında Qax rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Belə ki, güclü külək və yağış nəticəsində Şəki-Qax, Qax-Zaqatala və Qorağan-Qax avtomobil yollarında bir-neçə ərazidə ağacların yollara aşması nəticəsində hərəkət məhdudlaşıb. Bundan başqa rayonun İlisu kəndi ərazisində sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurub.
***
İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub.
Qeyd edilib ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədi ilə hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qaşqaçay üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası aparılır.
Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.
Zakir Həsənov erməni təxribatlarından danışdı – Video

İyunun 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.
Z.Həsənov macarıstanlı həmkarını Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırıb. Qeyri-qanuni erməni birləşmələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmalarının, əcnəbi vətəndaşların qanunsuz səfərlərinin, Azərbaycanın təbii sərvətlərinin intensiv şəkildə talan olunmasının və bu kimi digər qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulduğunu diqqətə çatdırıb.
Eyni zamanda, qeyd olunub ki, hazırda erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin keçid məntəqəsi vasitəsilə şəffaf və nizamlanan şəkildə hər iki istiqamətdə hərəkəti təmin edilir.
Cənab K.Szalay-Bobrovnicski ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Macarıstan ikitərəfli münasibətlərinin bir çox sahədə, o cümlədən hərbi sahədə də uğurla inkişaf etdiyini qeyd edib.
Macarıstanın müdafiə naziri ölkəsinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı dəstəklədiyini və bölgədə dayanıqlı sülhün əldə olunmasına töhfə verməyə hazır olduğunu bildirib.
Naxçıvanlılar Ermənistanın sərhəddə zavod tikməsinə etiraz edir – Video

Ermənistanın Naxçıvanla sərhəddə iri metallurgiya zavodu tikməyə hazırlaşması Sədərək rayonunun sakinlərinin ciddi narahatlığına səbəb olub.
Bununla bağlı Naxçıvan Televiziyası süjet hazırlayıb.
Sakinlərin sözlərinə görə, zavodun inşası ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə gətirib çıxaracaq. Zavodun yerləşəcəyi Arazdəyən kəndi Araz çayının kənarında olduğundan, zavoddan çıxan tullantılar çaya axıdılacaq.
Sakinlər bunu Ermənistanın növbəti ekoloji cinayəti hesab edirlər.
Həmin süjeti təqdim edirik:
Arif Babayevin Habil Əliyevlə maraqlı xatirəsi… – Video

“Habillə mənim çox zarafatlarım olub”.
Bu sözləri İctimai TV-nin verilişində mərhum tarzən Habil Əliyevlə bağlı xatirələrini bölüşərkən xanəndə Arif Babayev deyib.
O, İtaliyaya qastrol səfəri zamanı aralarındakı maraqlı hadisədən danışıb.
Sözügedən videonu təqdim edirik:
Seldən qaçan el… – Video + Fotolar

Türkiyədə yağan şiddətli yağış Samsunda həyatı iflic edib.
Nəticədə Terme çayı daşaraq evləri su basıb.
Təbiət hadisəsi 1 nəfərin həyatına son qoyub.
Rayonun Terme qəsəbəsində tövlə və evlər dağılıb, əkinçilik sahələri və otlaqlara külli miqdarda ziyan dəyib. Sakinlər qəsəbədən təxliyə olunublar.
Sinan Ogan 5 il sonra da… – Video

“2028-ci ildə keçirilən prezident seçkilərində də namizəd olacağam”.
Bunu Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğan qatıldığı verilişlərin birində deyib.
O bildirib ki, siyasi mübarizəsi sona kimi davam edəcək.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ilk turunda “ATA ittifaqı”nın namizədi Sinan Oğan 5,17 faiz səs toplamışdı.
87 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı – Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Tütəpeştə kəndində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, xilasedicilər dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1936-ci il təvəllüdlü vətəndaş A.Cahangirova dərinliyi təqribən 6-7 metr olan su quyusuna düşərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Türkiyənin MİT rəhbərinin iyulun 6-dakı konsertinin biletləri satılıb, amma…

Türkiyə kəşfiyyatının yeni rəhbəri İbrahim Kalının iştirakı ilə iyulun 6-da İstanbulda keçirilməsi planlaşdırılan konsert ləğv edilib. Bununla belə, oktyabrda keçiriləcək konsertin biletləri hələ də satışdadır.
İyulun 6-da Kalın eyni komandanın tərkibində İstanbulda açıq hava məkanında çıxış etməli idi. Lakin çərşənbə axşamına olan məlumata görə, tədbir haqqında informasiya yalnız təşkilatçının və bilet operatorlarının saytında qalıb. Onu almaq mümkün olmayıb.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi nümayəndəsi İbrahim Kalını ölkənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri təyin edib. O, 2014-cü ildən Türkiyə Respublikası Prezidentinin rəsmi nümayəndəsi kimi çalışırdı.
Minadan təmizlənən ərazilərimizlə bağlı açıqlama – Video

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən tapşırıqların icrası davam etdirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, cari ilin iyun ayı ərzində azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində 200 hektaradək ərazi minalardan tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 30890 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.
Bundan başqa, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə cari il ərzində 9 km-dək yeni təminat yolları çəkilib, 38 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Bakıda sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib – VİDEO

Bakının Nərimanov rayonunda gecə saatlarında güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edən və ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan şəxs həbs edilib.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, ötən gecə naməlum şəxs gecə saat 03 radələrində Nərimanov rayonunda binalardan birinin həyətində güclü səs effekti yaradan pirotexniki vasitələrdən istifadə edərək ətrafda yaşayan sakinlərin haqlı narazılığına və çoxsaylı şikayətlərinə səbəb olub. Həmin şəxsin etdiyi əməl inzibati ərazidə quraşdırılan videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində gecə saatlarında pirotexniki vasitələrdən istifadə edən paytaxt sakini Həsən Hüseynli saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış material baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən o, 5 gün müddətinə inzibati qaydada həbs edilib.
Həmçinin baxın
“Elə olur ki, ac yatıram, kimsəsiz insanam…” – Su satan Elvinin anası – VİDEO
DİN: “Texniki baxışa təqdim edilməyən 150-dən artıq sürücü saxlanılıb” – VİDEO
Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib – VİDEO
Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb – VİDEO
Güney Azərbaycanda 6 min illik qala məhv olmaq təhlükəsi ilə üzləşib – VİDEO
Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla