Əmək pensiyalarının indeksləşdirilməsi qaydası dəyişir.

Bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış “Əmək pensiyaları haqqında” dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının indeksləşdirilir.

Qanunun hazırkı maddəsi isə belədir: “Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir”.

Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır. Həmin bənd hazırda belədir: “Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”.

İstinadlar Report