Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən BMT-nin Sosial İnkişaf Komissiyasının 61-ci Sessiyasının Nazirlər Forumunda çıxış edib.

Nazir müavini forumun COVID 19 pandemiyasının acı nəticələrindən sonra məhsuldar məşğulluğu və layiqli işi təmin etmək üçün effektiv siyasət və təşəbbüslər üzrə milli təcrübələrin bölüşmək üçün uğurlu platforma olduğunu deyib.

Pandemiya dövründə Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirlərindən bəhs edən A.Kərimov bildirib ki, uğurlu fəaliyyət nəticəsində əmək bazarı sabitləşib və işsizlik səviyyəsi 2020-ci ildəki 7,2%-dən 2023-cü ildə 5,6%-ə enib: “Azərbaycan dünyanın 12 ölkəsi arasındadır və regionumuzda 3-cü Könüllü Milli İcmal Hesabatını təqdim edən 1-ci ölkədir. Azərbaycan da pandemiyaya məruz qaldı və iqtisadiyyatı 4,3% azalıb. Mən tövsiyə oluna biləcək effektiv, davamlı və əhatəli bərpa tədbirləri olduğunu sübut edən bir neçə milli təcrübəni bölüşmək istərdim. Azərbaycanda pandemiyanın təsirini yumşaltmaq üçün hökumət təxminən 10 sosial-iqtisadi proqram qəbul etmişdir. Onlar 3 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ÜDM-in 6%-ni təşkil edib. Hökumət əsassız işdən çıxarılmaların və mövcud iş yerlərinin qorunub saxlanması üçün ixtisarların qarşısını almaq üçün məşğulluq siyasəti və qaydalarına lazımi uyğunlaşmalar apardı. Həmçinin əmək haqqının subsidiyalaşdırılmasına başladı və özəl sektorda vergi və gömrük rüsumlarından müvəqqəti azadolmalar həyata keçirdi. Bu təşəbbüslər müəssisələrin davamlılığına, xüsusən də Kiçik və orta sahibkarlara (KOB) kömək etmək məqsədi daşıyırdı. Əmək bazarında həssas qrupları, məsələn, aşağı ixtisaslı işçiləri qorumaq üçün ilkin olaraq 40 min ödənişli ictimai iş yeri yaradılmışdır. Bu, hökumət tərəfindən maliyyələşdirilən dövlət məşğulluq xidmətlərinin bariz nümunəsidir. Əmək bazarında digər həssas qrup kimi qeyri-rəsmi işçilərə və ya işsizlərə kömək etmək üçün xüsusi sosial müdafiə müdaxilələri edilmiş, 600 min nəfərə (əhalinin təqribən 6%-i) birdəfəlik nağd pul ödənilib”.

A.Kərimov çıxışında onuda qeyd edib ki, əmək bazarında bərabərsizliyi azaltmaq və qadınlar üçün layiqli əməyi təmin etmək üçün beynəlxalq əmək standartlarına uyğun olaraq milli əmək qaydalarına yenidən baxılıb və son 3 il ərzində nazirlik mövcud məşğulluq və əmək qaydaları və standartlarının uyğunlaşdırılması və sadələşdirilməsini dəstəkləmək üçün 1000-dən çox qanunvericilik dəyişikliyi təşəbbüsü ilə çıxış edib: “Bununla yanaşı 2018-ci ildən etibarən İşsizlikdən Sığorta Fonduna toplanan vəsait 2 dəfə artıb və onun 85%-i aktiv əmək bazarı fəaliyyətlərinə, peşə hazırlığı, peşəyönümü, əmək yarmarkaları, əmək haqqının subsidiyaları, özünüməşğulluq proqramları, yeni ixtisas standartlarının hazırlanması fəaliyyətlərinə yönəlib. Bu məşğulluq siyasətləri çərçivəsində ölkə əhalisinin dörddə birini təşkil edən gənclərin əmək bazarına daxil olmasını dəstəkləmək məqsədilə gənclər fəal şəkildə peşə təlimləri ilə məşğul olurlar. Peşə təhsili məzunlarının 60%-dən çoxu işə götürülür. Həmçinin, onların məşğulluq imkanlarını və işə uyğunlaşma prosesini artırmaq üçün milli Məşğulluq Agentliyi müntəzəm sorğular keçirir və ən çox tələb olunan peşə və bacarıqların reyestrini tərtib edir və yeniləyir”.

A.Kərimov bildirib ki, 2019-cu ildə Azərbaycan Dövlət Əməyin Mühafizəsi Fondu yaradılış ki, bu fond MDB regionunda ilk belə mərkəzdir. Fond əmək bazarında mövcud vəziyyəti qiymətləndirmək və monitorinq etmək məqsədi daşıyır.

A.Kərimov çıxışında 2020-ci ildə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin kompleks innovativ transformasiyadan keçərək “yaşıl enerji zonaları”na çevriləcəyini, “ağıllı şəhərlər” və “ağıllı kəndlər” konsepsiyası əsasında yenidən qurulacağını deyib.

İstinadlar Report