Sahibkarlar təşəbbüslərini artıraraq, beynəlxalq maliyyə mexanizmlərindən faydalana, tərəfdaş ölkələrlə birgə layihələr icra edə, bizneslərini genişləndirə bilərlər.

Bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda “Sahibkarlar Günü”nə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Konstitusiya və suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Azərbaycan ölkələrlə ikitərəfli iqtisadi-ticarət əlaqələrini daha da möhkəmləndirir: “Türkiyə və Pakistanla Preferensial ticarət sazişləri imzalanıb. Bu sazişlərə əsasən tərəfdaş ölkələrlə müəyyən edilmiş məhsullar üzrə gömrük rüsumlarının azaldılması və ya tamamilə aradan qaldırılması qarşılıqlı ticarətin inkişafına təkan verir, sahibkarların ixrac imkanlarını artırır”.

O xatırladıb ki, ölkəmizin investisiya mühitini inkişaf etdirmək məqsədilə Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri ilə birgə investisiya fondları yaradılıb: “Həmçinin Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən təsis olunan Türk İnvestisiya Fondu qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək, strateji sahələrə investisiyaları artırmaq və regional inkişafı dəstəkləmək məqsədi daşıyır. Ölkəmizin xarici iqtisadi-ticarət əlaqələrinin genişlənməsi də sahibkarlarımız üçün əlavə imkanlar açır. Elə bu günlərdə ölkə başçısının Çinə səfəri çərçivəsində iki ölkə arasında “Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamə”nin imzalanması, vizasız rejimin tətbiqi, həmçinin, hüquq, yaşıl inkişaf, alternativ enerji, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinin imzalanması Azərbaycanın Asiya bazarına çıxması, regionu yaxından tanıması və yeni əməkdaşlıqlar qurması baxımından çox əhəmiyyətlidir”,-deyə nazir müavini qeyd edib”.

İstinadlar Report