İqtisadiyyat Nazirliyinin əmək bazarındakı mövcud vəziyyətin qiymətləndirilməsi istiqamətində apardığı təhlillər göstərir ki, hazırda qarşıya çıxan ən ciddi məsələlərdən biri əmək bazarında bacarıq boşluğudur.
Bunu Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda bildirib.
“Bu, bizim üçün önəmli siqnaldır və bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində müvafiq tədbirlər həyata keçirilir. Texnoloji inkişafın sürətlə davam etməsi nəticəsində yaranan “eksponensial boşluq”ların yaratdığı təsirləri daha aydın şəkildə göstərmək üçün bir neçə məqamı qeyd etmək istərdim. Birincisi, süni intellekt, biotexnologiya, enerji istehsalı, superkompüter və şəbəkə texnologiyaları kimi sahələrdə inkişaf sürətlə artır. Amma dövlət qurumları, özəl sektor və və cəmiyyət bu dəyişikliklərə uyğunlaşmaqda gecikir, o cümlədən qanunlar, idarəetmə strukturları və sosial normalar texnoloji yeniliklərin arxasında qalır”, – o vurğulayıb.