Akademik Ramiz Mehdiyevin açıqlaması

2 aprel 2021-ci il tarixində “Azadlıq” qəzetinin “Facebook” sosial şəbəkəsində Cəmil Həsənlinin 2009-cu ildə Azərbaycan-Türkiyə münasibətlərinə dair yazısı yerləşdirilmişdir. Yazıda Cəmil Həsənli guya 2009-cu ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezident Administrasiyasının o dövrdəki rəhbəri Ramiz Mehdiyev bir sıra millət vəkillərinə Türkiyə əleyhinə çıxışlar etməyə dair təlimatlar verdiyini bildirmişdir.

İctimaiyyətin diqqətinə çatdırmaq istəyirəm ki, Cəmil Həsənlinin bildirdikləri tamamilə böhtandır və qətiyyən həqiqətə uyğun deyil. Cənab Prezident İlham Əliyev tərəfindən mənə heç zaman belə bir tapşırıq verilməyib. Öz növbəmdə mən də heç bir millət vəkilinə bənzər məzmunda təlimat verməmişəm.

Cənab Prezident İlham Əliyev Türkiyə-Azərbaycan münasibətlərini daim yüksək qiymətləndirmiş, “Bir millət, iki dövlət” prinsipinin əlaqələrimizin bütün sahələrində dərindən kök salmasına böyük töhfələr vermişdir.

Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkə üçün strateji əhəmiyyətə malikdir və qardaşlıq prinsipləri üzərində qurulmuşdur. Hər kəs bu əlaqələrin əhəmiyyətini dərk etməli, onların qorunmasına çalışmalı, kənar qüvvələrin təxribatlarına rəvac verməməlidir. Öz növbəmdə Cəmil Həsənlini belə bir həssas məsələdə bəyanatlarını yüz ölçüb bir biçməyə, daha məsuliyyətli davranmağa çağırıram.