Energetika Nazirliyinin Əmri ilə yaradılmış “Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi qrupunun ilk iclası keçirilib.

Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.

Buildirilib ki, Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası”na əsasən “Elektromobillik üzrə Milli Planın hazırlanması”nın enerji doldurma infrastrukturunun inkişafına, ölkəmizdə elektrikli nəqliyyat vasitələrinə keçidin təşviqi baxımından vacibliyini qeyd edib.

İclas zamanı Milli Planın hazırlanması üçün cəlb edilmiş məsləhətçi şirkətin nümayəndələri təqdimatla çıxış edərək sənədin hazırlanması ilə bağlı işə yanaşma, ssenarilər, iqtisadi qiymətləndirmə, ekoloji və enerjisistemə təsirlər və digər məsələlər barədə ətraflı məlumat veriblər. Görüşdə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, Milli Planın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının nümayəndələrinin rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, “Elektromobillik üzrə Milli Planın hazırlanması” İşçi qrupuna Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Dövlət Neft Şirkətinin “Cənub Qaz Dəhlizi” QSC, Dövlət Gömrük Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Sahibkarlığın İnkişafı Fondu, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi, “Azərişıq” ASC və Azərbaycan Texniki Universiteti daxildir.

İstinadlar Report