Prezident İlham Əliyev bu gün yeni təyin etdiyi icra başçıları ilə görüşüb və onlara tapşırıqlarını verib:

“Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz. O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.
Yenə də Davos İqtisadi Forumunun hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, hakimiyyətin dəyişikliklərə, islahatlara meyili və əhali tərəfindən rəhbərliyə olan dəstək sahəsində Azərbaycan dünya miqyasında birinci onluğa daxil edilib. Bu dəstək nəyin hesabınadır? Ona görə ki, xalqa xidmət etmək mənim borcumdur və bundan sonra da əsas borcum olaraq qalacaq.
Digər tərəfdən, icra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik. O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük. Hazırda 4-cü regional inkişaf proqramının icrası davam edir. Əminəm ki, növbəti 4 il ərzində bu günə qədər öz həllini tapmamış məsələlər də öz həllini tapacaq. Ancaq siz hər bir rayonda mövcud olan problemlərə diqqət göstərməlisiniz, reaksiya verməlisiniz və çalışmalısınız ki, bu məsələlər öz həllini tapsın.
Ona görə vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərini əsas tutmaq, investorları cəlb etmək, rayonların sosial-iqtisadi inkişafını təmin etmək sizin əsas vəzifəniz olmalıdır. Yenə də deyirəm, həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahələrinə dövlət xətti ilə çox böyük dəstək göstərilir. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə qeyri-neft sənayemiz 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Artıq pambıq yığımı mövsümü başa çatır, mənə verilən məlumata görə, bu il biz rekord göstəriciyə nail olmuşuq. Biz keçən ilə nisbətən əkin sahələrini azaltdıq, 132 min hektardan 100 min hektara endirdik, çünki bəzi yerlərdə torpaqlar düzgün seçilməmişdi. Ancaq məhsuldarlıq artdı. Hazırda yığım davam edir və hektardan məhsuldarlıq 27 sentnerə çatıb, keçən il 17 sentner idi. Keçən il biz 132 min hektardan 233 min ton pambıq yığmışdıqsa, bu il 100 min hektardan artıq 270 min tondan çox pambıq yığmışıq. Mən təkcə pambığı deyirəm. İndi taxılçılıqda da böyük irəliləyiş var. Ümumi göstərici hektardan 32 sentnerə çatıb. Bu, çox yaxşı göstəricidir. Daha da artacaq. Meyvəçilikdə, fındıqçılıqda da məhsuldarlıq artır. Yəni, kənd təsərrüfatı sahəsində dövlət xətti ilə çox böyük işlər görülür. Siz də öz dəstəyinizi verməlisiniz və sahibkarlara diqqət göstərməlisiniz, onları incitməməlisiniz. Əgər hansısa sahibkar vəsait qoymaq, hansısa iş görmək istəyirsə, birinci olaraq siz ona dəstək verməlisiniz. Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər.
Ölkəmizin ümumi inkişafı müsbətdir və mən gələcəkdə hər hansı bir ciddi problem görmürəm. Çünki ölkəmiz siyasi cəhətdən çox möhkəmdir, sabitlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Bizim siyasətimizə ləkə vuran hər bir adam öz cəzasını alacaqdır. Biz bu qədər səy göstəririk, bu qədər işlər görürük, əgər hansısa yaramaz məmur öz şəxsi maraqlarını təmin etmək üçün hansısa bəd əməl törədərsə, mütləq cəzasını alacaq və artıq tarix bunu göstərir.
Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, rəhbərlik edəcəyiniz rayon və şəhərlərdə inkişaf daha da sürətli olsun.