Azərbaycanın keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Anar və Nərgizin adına Böyük Britaniyada 100 milyon avroluq biznes və 19 milyon avroluq malikanə olması araşdırılmağa başlanılıb. Bu zaman ailənin vəkili bildirib ki, bu varidat 19-cu əsrdə milyonçu olmuş Aslan Aşurovdan ailəyə miras qalıb. Bu məlumat açıqlandıqdan sonra Azərbaycan ictimaiyyətində Aslan Aşurovun şəxsiyyəti maraq doğurub.

Aslan Aşurov haqda elektron mənbələrdə çox az məlumat tapılıb. Onun Eldar Mahmudovla hansı formada qohum olmasına aid informasiya da mövcud deyil. Aşurovların əslən bakılı, Mahmudovların isə şərurlu olması bu qohumluğa şübhəni artırır. Lakin müzakirələr zamanı bəzi şəxslər Aşurovların E.Mahmudovun həyat yoldaşı Tahirə Mahmudova ilə qohum ola biləcəyini bildiriblər.

Eldar Mahmudovun övladları Nərgiz və Anar

Aslan Aşurov özü biznesmen olsa da, oğlu Ağa Aşurov Azərbaycan Xalq Cümhuriyyətində mühüm vəzifələr tutub və buna görə də Ağa Aşurov haqda daha dolğun məlumatlar var.

Hacı Aslan Aşurov 1905-ci ildə yaradılan “Bakı müsəlman xeyriyyə cəmiyyəti”nin təsisçilərindən biri olub. O, bu təşkilatda “Bakının nəsillikcə fəxri vətəndaşı” statusu ilə təqdim olunub. Həmin təşkilatın digə təsisçiləri Hacı Zeynalabdin Tağıyev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev olub.

İqtisadçı Toğrul Vəliyev bildirib ki, Aslan Aşurov 1876-ci ildə 1-ci qildiya tacir statusunu almış şəxslərdən olub. Bu status o zaman tacirə xarici ticarət ilə məşğul olmaq və gəmilərə sahib olmaq imkanı verirdi (yəni 2 və 3-cü qildiya bu imkanlara malik deyildi). Müqayisə üçün, Tağıyev bu statusu 1882-ci ildə alıb. Aslan Aşurov eyni zamanda Stavropolda torpağa, Şimali Qafqazda dəyirmanlara sahib idi. 1880-ci illərdə həmçinin neft biznesi ilə də məşğul olmağa başladı. Bakı dumasının deputatı idi və hətta “Rus xalq İttifaqı” adlı təşkilatın üzvü idi.

Elektron mənbələrdən əldə etdiyimiz məlumata görə, Aslan Aşurovun oğlu Ağa Aşurov 1880-ci ildə Bakıda anadan olub. Bakı gimnaziyasını bitirib, daha sonra Almaniyada mühəndis-texnoloq ixtisası üzrə ali təhsil alaraq Bakıya qayıdıb. O, öncə şəhər bələdiyyə idarəsində işləyib.

1908-ci ildə Aşurovun rəhbərliyi ilə Bakıda yeni elektrik stansiyasının tikilməsi barədə müqavilə bağlanıb. Bakıya Şollar su kəmərinin çəkilməsində geniş fəaliyyət göstərib. Aşurov “Nəşri-maarif” cəmiyyətinin rəhbərlərindən biri olub, şəhər dumasının üzvü seçilib.

Ağa Aşurov

Ağa Aşurov 1906-cı ildə Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilən 3-cü qurultayında iştirak edib və qurultayın Rəyasət Heyətinin üzvü seçilib.
Milli hərəkatın fəal üzvlərindən olan A.Aşurov Fevral inqilabından (1917) sonra Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib, Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib. 1918-ci ilin mart qırğınları zamanı hərbi əməliyyatları dayandırmaq üçün müsəlman nümayəndə heyətinin tərkibində İnqilabi Müdafiə Komitəsinin, Erməni Milli Şurasının üzvləri və İranın Bakıdakı konsulu Həbibulla xanla danışıqlar aparıb.

Azərbaycan Xalq Cümhuriyyətinin ikinci Hökumətində bitərəf olan Ağa Aşurov ticarət və sənaye naziri işləyib, eyni zamanda, 1918-ci il oktyabrın 6-dək Ərzaq Nazirliyinə rəhbərlik edib. 1918-ci il oktyabrın 6-da poçt və teleqraf naziri təyin olunub. Aşurov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib, “Müsavat” və bitərəflər fraksiyasında təmsil olunub. 1918-ci il dekabrın ortalarında bütün hökumət kabinəsi ilə birlikdə istefaya çıxıb. Ağa Aşurov 1920-ci il aprelin 27-də bolşeviklərin hakimiyyəti təslim etmək tələbinin əleyhinə səs verən azsaylı parlament üzvü olub. Buna görə də ertəsi gün hakimiyyətə gələn bolşeviklər onun həbs edilməsi barədə göstəriş versələr də, ələ keçirə bilməyiblər. Aşurov Türkiyəyə mühacirət etməyə cəhd göstərib, bu baş tutmadıqda, Rostov şəhərinə köçüb, orada ixtisası üzrə mühəndis-texnoloq işləyib. 1936-cı ildə vəfat edib, Rostovun tatar qəbiristanlığında dəfn olunub.