“Deputat Eldəniz Səlimovun hərəkəti parlament üçün çox böyük bir ləkədir.” Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

E.İbrahimov qeyd edib ki, bu məsələ komissiyada geniş müzakirə olunub və Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilməsi üçün kifayət qədər əsasların olduğu müəyyən edilib: “Biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq. Hər kəs qanun qarşısında bərabərdir və öz əməlinə görə cavab verməlidir. Bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır”.

Göründüyü kimi, ağsaqqal deputatımız nisbətən gənc həmkarının hərəkətini kəskin tənqid edib və bir növ onun “qələminin qırılmasına” imza atanların sırasında ön cərgələrdə yer alıb. Lakin “biz bundan sonra Milli Məclisin şərəfli adını qorumalıyıq” və “bu hadisə bizim hər birimiz üçün dərs olmalıdır” deyərkən nəyi nəzərdə tutduğunu anlamaq bir qədər çətindir. Birincisi, belə çıxır ki, deputatlar indiyə qədər Milli Məclisin şərəfli adını qorumayıblar. İkincisi, bu, digər deputatların da polis, yaxud digər hüquq-mühafizə orqanlarına qarşı E.Səlimovun hərəkətinə bənzər münasibətinin olduğu kimi anlaşıla bilər. Sanki onlara xəbərdarlıq edilir ki, daha belə hərəkətlər etməyin, qoy E.Səlimovun aqibəti sizə dərs olsun…

Eyni zamanda, E.İbrahimovun artıq sabiq həmkarı sayıla biləcək E.Səlimovun ünvanına işlətdiyi kəskin ifadələr və ittihamlar istər-istəməz komissiya sədrinin sözügedən hadisənin baş verdiyi ilk günlərdə mətbuatda dərc edilən açıqlamasını yada salır. Həmin vaxt E.İbrahimov demişdi: “Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir, onun öz işidir. Mənim xəbərim yoxdur. Axı bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur…”

Göründüyü kimi, bir neçə gün içərisində hörmətli deputatımızın mövqeyi nədənsə kəskin şəkildə dəyişib. Görünür, həmin vaxt hadisə yeni baş verdiyindən və bununla bağlı necə danışmalı, hərəkət etməli olduğu barədə göstəriş almadığından hörmətli millət vəkilimiz hadisəyə qiymət verməkdə çətinlik çəkib…

Ancaq indi durub E.İbrahimova kimsə sual versə ki, necə olur, 3 gün əvvəl “hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir, onun öz işidir, bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur” deyirdiniz, indisə başqa şey deyirsiniz – cavab verəcək ki, o vaxt dediklərim düzgün başa düşülməyib, ya da təhrif olunub.

Birinci dəfə deyil ki. Məsələn, həmin E.İbrahimov bir vaxt parlamentdəki müxalifətçi sayılan deputatları nəzərdə tutaraq, “bəziləri bizim tərəfimizə keçdi, pul qazandı, hətta deputat da oldu” demişdi. Sonra da məlum yerlərdən “siqnallar” alandan sonra çıxıb bildirdi ki, “fikirlərim düzgün başa düşülməyib”…

Bütün bunlardan sonra görürsən ki, parlamentdə E.Səlimovla bağlı keçirilən iclasda ən doğru sözü deputat Tahir Kərimli deyib: “Camaat da düz deyir ki, parlamenti buraxaq”…

İstinadlar Azpolitika