Azərbaycanda sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən 20-29 % az müəyyən edilməsi təsərrüfat subyektlərinin adi ekspertizadan daha çox sadələşdirilmiş ekspertizaya üstünlük verməsini stimullaşdırır.

Bu barədə açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

“Sadələşdirilmiş ekspertiza xaricdə tanınmış dərmanlar üçündür”

O, qeyd edib ki, bu tip ekspertiza ölkəyə idxal olunmuş dərmanın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir: “Dərman vasitələri haqqında” qanunun birinci maddəsinin 34-cü bəndində qeyd edilir ki, sadələşdirilmiş ekspertiza dərman vasitələrinin xarici qeydiyyatda tanınması və xarici qeydiyyatda tanınmış dərman vasitələrinin idxalına icazənin verilməsi məqsədilə edilən ekspertizadır. Sadə dildə desək, sadələşdirilmiş ekspertiza o dərmanlara tələb edilir ki, onlar artıq xaricdə tanınıb. Yəni artıq müəyyən ölkələrdə tanınmış dərmanlar sadələşdirilmiş ekspertiza vasitəsilə Azərbaycanda qeydiyyata alına bilər. Əgər beynəlxalq səviyyədə tanınan bir dərman Azərbaycana idxal olunursa, onun Azərbaycanda ekspertizası sadələşdirilmiş formada həyata keçirilə bilər. Çünki bu dərman beynəlxalq arenada qəbul edilib. Keyfiyyətsiz olsa idi, o, qəbul edilməzdi”.

“Beş ildə bir dəfə ekspertizanın aparılması qiymətlərə təsir etməyəcək”

E.Əmirov hesab edir ki, sadələşdirilmiş ekspertiza tariflərinin azaldılması, əvəzində adi ekspertiza tariflərinin artırılması dərmanların qiymətinə təsir etməyəcək: “Təsərrüfat subyektləri 99,9 % ehtimalla hansısa qiymət artımına getməyəcək. Çünki bunun heç bir iqtisadi əsası yoxdur. Ekspertiza beş ildə bir dəfə aparılır. Bir il ərzində isə pərakəndə ticarət şəbəkəsində apteklərdə əczaçılıq məhsulları və tibbi ləvazimatlara bir milyard manatdan artıq vəsait xərclənir. Statistikaya görə, bu ilin yanvar-oktyabr aylarında apteklərdə bir milyard 39 milyon manatlıq dərman vasitələri və tibbi ləvazimatlar satılıb. Hətta ötən il bundan da çox olub. Odur ki, bir dərmanın burada qeydiyyatı üçün tarifin azalması o dərmanın qiymətinin azalmasına imkan verməyəcək. Eyni zamanda tarifin artması qiymətin artmasına gətirməyəcək. Yəni beş il ərzində tarif dəyişkənliyi dərman qiymətlərinə təsir edəcək gücdə olmur”.

“Təsərrüfat subyektləri keyfiyyətli dərmanlar idxal edəcək”

İstinadlar Report