
“Kaxovka su elektrik stansiyasında (SES) baş vermiş partlayışı fəal şəkildə müzakirə edən beynəlxalq ictimaiyyəti Ermənistanın Oxçuçay zonasında flora və faunanı çirkləndirməsi və sonradan məhv etməsi maraqlandırmayıb”.
Bunu “Report”a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov bildirib.
“İndi görürük ki, Kaxovka SES-də baş vermiş partlayışdan sonra insanlarda açıq isteriya yaranıb və kimin günahkar olması barədə qızğın müzakirələr gedir. Amma eyni zamanda xatırlayırıq ki, Ermənistan vaxtilə Oxçuçayı faktiki olaraq məhv edib və Mingəçevir su anbarını dağıdacağı ilə bağlı çox sayda bəyanat verib”, – o vurğulayıb.
Onun sözlərinə görə, bu müddət ərzində beynəlxalq ictimaiyyət buna susub.
“Bu məqamda qeyd edək ki, Ermənistan subyekt deyil, obyektdir. O, təsirlərə məruz qalır. Hazırda Ermənistan qərbyönlü siyasət yürüdür. Buna görə də bu kontekstdə heç kəs onu qınamayacaq”, – politoloq deyib.