Azərbaycan Ordusunun Xocavənd rayonunun Hadrut qəsəbəsində həyata keçirdiyi əməliyyat ordunun istənilən şəraitdə və relyefdə hər bir tapşırığı yerinə yetirməyə qadir olduğunu göstərib.
Bu sözləri “Report”un Hadruta ezam olunmuş əməkdaşına hərbi ekspert Azər Bayramov deyib.
O bildirib ki, Hadrut əməliyyatı Vətən Müharibəsində əsas dönüş yaradan əməliyyatlardan biridir:
“Burada Ermənistanın motoatıcı diviziyası var idi. Diviziya Qarabağın cənub cəbhəsini müdafiə edirdi. Ərazini Qarabağın giriş qapısı da adlandıra bilərik. Azərbaycan Ordusu düşmənin gözləmədiyi istiqamətdə həyata keçirdiyi taktika və manevrlərlə düşmənin dərinliyinə sızmışdı. Onların motoatıcı diviziyasının Cəbrayılda yerləşən alayı rayon işğaldan azad olunduqdan sonra Hadrutda cəmlənmişdi. Həmin diviziyanın qərargahının məhv edilməsi və strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçməsi sonrakı fəaliyyətlər üçün üstünlük yaratdı”.
A.Bayramovun sözlərinə görə, Ermənistanda çətin relyefdə Azərbaycan Ordusunun qarşısını alacaqları ilə bağlı mif yayılmışdı. O deyib ki, Hadrutun və digər yüksəkliklərin azad olunması bu mifi darmadağın edib.
“Bu əməliyyat göstərdi ki, Azərbaycan Ordusu istənilən şəraitdə və relyefdə hər bir tapşırığı yerinə yetirməyə qadirdir. Bundan sonrakı fəaliyyətlərdə də Qarabağın digər dağlıq əraziləri işğaldan azad olundu”, – deyə hərbi ekspert bildirib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə oktyabrın 7-dən etibarən Hadrut və ətraf ərazilər uğurunda ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan Ordusu qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri, eləcə də yüksəklikləri nəzarət altına alıb. Bununla da Hadrut qəsəbəsi və ətraf kəndlər düşmən tapdağından azad olunub.