
İşğaldan azad edilmiş ərazilərdə yeni infrastrukturun qurulması Azərbaycan hökumətinin ən mühüm vəzifəsidir.
Bunu Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “Qarabağ regionunda su təchizatı və irriqasiya infrastrukturunun yenidən qurulması” adlı konfransda Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.
“İşğaldan azad edilmiş ərazilərdə 14 su anbarı var. Lakin məlum olduğu kimi, iqlim dəyişikliyi Qarabağ regionu da daxil olmaqla, su ehtiyatlarının azalmasına gətirib çıxarır. Buna görə də biz yeni su anbarları tikməyi planlaşdırırıq. Mütəmadi olaraq suyun keyfiyyətini ölçürük”, – Ə.Əsgərov bildirib.
Onun sözlərinə görə, Qarabağdakı çayların əksəriyyəti artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən öyrənilib: “Məsələn, Oxçuçayda suyun keyfiyyəti 4 dəfə yoxlanılıb və yoxlamaların nəticələrinə əsasən yüksək səviyyədə çirklənmə aşkar edilib”.