Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu yay Azərbaycanla külək və günəş enerjisinin inkişafı layihələri üzrə sazişlərin imzalanması ilə bağlı hazırlıq işləri son mərhələdədir. 

Bunu EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova bu gün Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bakıda keçirilən 24-cü İllik Toplantısında deyib.

O bildirib ki, Azərbaycan bərpa olunan enerji sahəsi üzrə regionda lider ola bilər.

K.Mahmudova Gəncənin EBRD-nin “Yaşıl Şəhərlər” proqramında iştirakını da vurğulayıb.

Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, həmçinin “yaşıl iqtisadiyyat”a keçidə dəstəyini davam etdirəcək.

EBRD-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri deyib ki, bank öz işində mövcud regional vəziyyəti nəzərə alır.

O, ərzaq təhlükəsizliyinin də mühüm məsələ olduğunu və Azərbaycanın bu sahədə mühüm rol oynadığını vurğulayıb.

K.Mahmudova əlavə edib ki, bank əsasən özəl sektora və ölkə gənclərinə dəstəyini davam etdirir.

O, Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidentinin Azərbaycana səfəri üzərində çalışdıqlarını da vurğulayıb.

Xatırladaq ki, EBRD Xızı və Abşeron rayonlarında yerləşən 240 MVt gücündə ilan külək elektrik stansiyasının inkişafı, tikintisi və istismarı üçün 105 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq. Kreditin iyulun 20-də EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqlənməsi gözlənilir. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları təşkil edir.

İstinadlar Report