“Bu gün paytaxtda bir sıra sürücülər daha çox dayanma-durma və parklanma, piyadalar isə onlar üçün nəzərdə tutulan keçidlərdən istifadə etməyərək qaydaları pozur, yolu təyin olunmayan yerlərdən keçirlər”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli deyib.

O bildirib ki, sürücülər ictimai nəqliyyat üçün ayrılmış zolaqlarda nəqliyyat vasitələrini park edir: “Bir sözlə, hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunması üçün ardıcıl problemlər yaranır. Bu da gündəlik xidmətin təşkilində əlavə çətinliklər yaradır. Bir çox hallarda piyada üçün nəzərdə tutulan səkilər, panduslar, ikinci cərgə, bəzən də sakinlərin mənzillərinə qalxacağı yerlərin qarşısı zəbt olunur. Bu kimi hallar nəqliyyatın hərəkətinə təsir etməklə yanaşı hər bir hərəkət iştirakçısının qarşılıqlı formada haqlı narazılığına və narahatlığına səbəb olur”.

R.Əhmədli söyləyib ki, mütamadi olaraq keçidlərdən və piyada zolaqlarından istifadə etməyərək həyatlarını təhlükə altına atan piyadalar ilk növbədə özlərinə, eləcə də sürücülərə də ciddi problem lər yaradır: “Bu hərəkətlərin məntiqi sonluğu isə ən yaxşı halda inzibati xəta ilə bitir. Bəzən ağır qəzalar məsuliyyəti daha da dərinləşdirir və sonda insan taleyinə ciddi təsir edən hadisələr qaçılmaz olur”.

İstinadlar Report