Diaspor Gənclərinin III Yay Düşərgəsinə Macarıstandam qatılan Mirgünay Bayramova qədim Şuşada aldığı misilsiz hədiyyə barədə təəssüratlarını bölüşüb.

Bu Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Gənc soydaşımız Diaspor TV-yə müsahibəsində bildirib ki, “Fəxr Zirvəsi” mövzusunda təşkil edilən panel iclasını heç bir zaman unutmayacaq: “Bu, bizim üçün ən mükəmməl və ömənli görüşlərdən biri idi. Həmin görüşə Azərbaycan Ordusunun gizli qəhrəmanları – “Dəniz pişikləri”nin bir qrup üzvü gəlmişdi. Onları II Qarabağ müharibəsindən tanıyırıq. Necə böyük qüvvə olduqlarını, düşmənin canına vəlvələ saldıqları barədə çox eşitmişdik”.

Yay düşərgəsinədək cəngavərlərimizi yalnız videolardan izlədiyini bildirən Mirgünay Bayramova qeyd edib ki, panel iclasının keçirildiyi məkanda “Dəniz pişikləri”nin zabitlərini görəndə çox həyəcanlanıb: “Gözlərimə inana bilmirdim. Onlarla tanış olduq, maraqlı hekayələrini dinlədik, suallarımıza cavablar aldıq. Panel iclasının qurtarmasını gözləyirdim ki, cəngavərlərimizə şəxsən təşəkkürümü bildirim”.

Gənc soydaşımız bildirib ki, iclasdan sonra mayor rütbəli cəngavərimizin formasındakı emblemini ona hədiyyə edməsi gözlənilməz olub: “Bildirdi ki, tədbirdə çıxışım zamanı “Dəniz pişikləri” barədə məlumatlı olmağım, bu qüvvələrə böyük sevgi ilə yanaşdığım hiss olunurdu. Mən sevincdən donub qalmışdım. Bu, mənim üçün böyük fəxr idi. Mən emblemi sinəmə taxdım, qəhrəmanlarımıza hərbi salam verərək birlikdə şəkil çəkdirdim. Macarıstana döndükdən sonra emblemi lövhəmə taxacağam. Hər zaman görüşümüzü xatırlayacaq və onlara dualar edəcəyəm”.

İstinadlar Qafqazinfo