“CCS Insight” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaxın illərdə sürətli tətbiqini proqnozlaşdırır. Mütəxəssislərin qiymətləndirməsinə görə, 2022-ci ildə bütün dünyada “5G” şəbəkələrinə qoşulmaların sayı 1 milyarda çatacaq, 2024-cü ildə onların sayı 2 milyardadək artacaq, 2025-ci ildə isə 3 milyardı ötəcək.

2020-ci ildə Çin ən böyük “5G” bazarı olacaq. Beşinci nəsil şəbəkələrinin sürətlə qurulması və milli ambisiyalar onun ölkədə rekord templərlə yayılmasına xidmət edəcək. Proqnoza görə, 2025-ci ildə Çində “5G” qoşulmaları 1,2 milyard və ya qlobal sayın 40 faizini təşkil edəcək.

Bildirilir ki, Avropa yeni texnologiyanın mənimsənilməsinə əhəmiyyətli töhfə verəcək. Hazırda Avropa “5G”nin yayılması baxımından digər regionlardan geri qalsa da, yeni nəsil kommersiya şəbəkələri artıq İspaniya, Böyük Britaniya, İsveçrə, Almaniya, İtaliya, Rumıniya və Latviyada işə salınıb.

Digər regionlarda olduğu kimi, “5G” şəbəkələrinin əhatə dairəsinin genişləndirilməsi, mobil qurğuların qiymətinin ucuzlaşdırılması və cəlbedici tarif planlarının yaranması “5G”nin Avropada tətbiqi üçün əsas hərəkətverici qüvvə olacaq. “CCS Insight” şirkətinin proqnozuna görə, 2025-ci ildə burda “5G” qoşulmalarının sayı yarım milyardı ötəcək.

Oxumağa dəyər:   Çilidə etiraz aksiyaları zamanı saxlanılanların sayı açıqlanıb

Qeyd edək ki, “5G” sahəsində ən optimist proqnoz bu yaxınlarda “TSMC” şirkəti tərəfindən verilib. Onun qiymətləndirməsinə görə, 2020-ci ildə “5G” şəbəkəsini dəstəkləyən smartfonların qlobal tədarük həcmi 300 milyon ədədə yaxınlaşacaq.

Nizam Nuriyev

İstinadlar ict news