
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edib.
Vurğulanıb ki, qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülüb, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülüb.
“Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır.
Silahları təhvil vermiş və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir”, – məlumatda qeyd olunub.