Sentyabr ayının 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilib.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məluam verilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.

Saat 12:00-da Vətən müharibəsində həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatdığını, tarixi zəfərimizin təmin edildiyini vurğulamışdır.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd olunmuşdur.

Torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən Dövlət Sərhəd Xidmətinin heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olması qeyd edilmiş, bizlərə qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi, onların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasını qədirbilən xalqımızın daima uca tutacağı vurğulanmışdır.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilmiş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, xüsusi orden, medal və fəxri adların təsis edildiyi qeyd edilmişdir.

Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunacağı, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə ediləcəyi ifadə olunmuşdur.