Prezident İlham Əliyev “Döyüşdə fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

“Döyüşdə fərqlənməyə görə” medalı ilə döyüş şəraitində tapşırıqların icrası zamanı və həyat riski ilə əlaqəli xüsusi əməliyyatlar zamanı göstərilən fərqlilik, cəsarət və fədakarlıq, habelə döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsinə kömək edən bacarıqlı, təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş, eləcə də döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsi zamanı tabeçilikdə olan bölməyə peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

“Döyüşdə fərqlənməyə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Cəsur döyüşçü” medalından sonra taxılır.

“Döyüşdə fərqlənməyə görə” medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, biri digərindən kiçik olmaqla, biri digərinin üzərində yerləşdirilmiş, guşələrinin araları birləşən qövsvarı xətlərlə konturlanmış iki səkkizguşəli ulduz formalı 42 mm ölçülü lövhədən ibarətdir.

Medalın ön tərəfində səkkizguşəli ulduz formalı lövhənin üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri yazılmışdır. Daxili çevrənin içərisində yerləşən, üzəri relyefli xətlərlə işlənmiş dairəvi lövhənin mərkəzində ikitərəfli hamar şüalı səkkizguşəli ulduz həkk olunmuşdur. Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz vardır. Səkkizguşəli ulduz ilə “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” sözləri arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

İstinadlar Report