
Dövlət xadiminin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Elşən Nəcəfovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili Cavad Cavadov müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib. O, bildirib ki, müvəkkilinin keçmişdə aldığı kəllə beyin travması ilə əlaqədar psixi problemləri var və rəsmilərə sui-qəsd etməklə bağlı ünvanladığı sual da bundan irəli gəlir.
Təqsirləndirilən şəxsə son söz üçün vaxt verilib.
Məhkəmə prosesi aprelin 7-də davam edəcək.
Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.