Bu gün Prezidentin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilən Orxan Nəzərlinin kimliyi ictimaiyyətdə maraq doğurub.

O.Nəzərli 1984-cü ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib. İş fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb. Azərbaycanda fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.

2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçib “Certified Public Accountant” lisenziyası alıb. 2015-2016-cı illərdə təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini olub. 2018-ci ildə Vergilər nazirinin müşaviri təyin edilib.

2019-cu ildən Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi olub. Ötən il mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib.

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri olan Orxan Nəzərli ailəlidir, 3 övladı var.