“Şuşanın Daşaltı kəndində ermənilərin qətlə yetirdiyi və kütləvi məzarlıqda basdırdığı azərbaycanlıların meyit qalıqlarının eyniləşdirilməsi işi aparılır”.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, 2021-ci ilin fevral ayının 17-də Şuşanın Daşaltı kəndində müəyyən edilmiş kütləvi məzarlıqda qazıntı işləri aparılıb: “Qazıntı hərbi strukturlar tərəfindən həyata keçirilib. Oradan təxminən 25 şəxsə aid olduğu ehtimal edilən meyit qalığı çıxarılıb və götürülüb. Hazırda götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi işi aparılır”.

“Report”un apardığı dəqiqləşdirməyə görə, Daşaltı əməliyyatında ümumilikdə 100-ə yaxın azərbaycanlı hərbçi həlak olub.

Dövlət Komissiyasından verilən məlumata görə, Daşaltı əməliyyatında 44 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Qeyd edək ki, yanvarın 26-da Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 31 il ötür.

Əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

İstinadlar Report