Azərbaycan Asiya Parlament Assambleyasında (APA) lider rolunun öhdəsindən uğurla gələcək.

Bunu “Report”a açıqlamasında Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.

“Ümid edirəm ki, 40-dan çox ölkənin iştirak etdiyi bu çoxtərəfli platforma (APA) yeni çoxqütblü dünyanın qurulmasına töhfə verəcək. Söhbət ikili standartlara deyil, Assambleyaya üzv olan ölkələrin maraqları və tarixi nəzərə alınmaqla, qarşılıqlı hörmətə əsaslanan dünya nizamının formalaşmasından gedir”, – o vurğulayıb.

Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini qeyd edib ki, APA-ya üzv ölkələr üçün vacib məsələ Qərbin maraqlarına xidmət edən gündəmdən qurtulmaqdır:

“Fikrimcə, Asiya Parlament Assambleyasının üzvü olan bütün xalqlar və ölkələr üçün ədalət, iqtisadi rifah və bu ölkələrin sakinlərinin firavanlığı məsələləri ilk növbədə vacibdir. Bu, bütün parlamentarilərin qarşısında duran əsas vəzifədir. Biz müxtəlif sahələrdə, sosial, mədəni, iqtisadi sahədə müxtəlif yanaşmaları müzakirə edirik, lakin eyni zamanda, biz hamımız qarşılıqlı hörmətdən və bütün iştirakçıların bərabərliyindən çıxış edirik”.

Dövlət Dumasının sədr müavini qonaqpərvər qəbula və Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının təşkilinə görə də Azərbaycan parlamentinə və rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu gün Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.

İstinadlar Report