ABŞ Dövlət Departamenti “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyə nümayəndələrinə qarşı insidenti təhqiq etmək üçün Los-Anceles Polis İdarəsi ilə birlikdə işləyir.
Bu barədə ABŞ-nin Dövlət Departamenti “TRT Haber”in erməni radikallarının Kaliforniya ştatının Los-Anceles şəhərindəki təxribatı ilə bağlı sorğusuna cavab olaraq bildirib.
“Sentyabrın 29-da Cənubi Kaliforniya Universitetinin təşkil etdiyi tədbirdə Türkiyə səfirinin də iştirakçısı olduğu insidentlə bağlı hesabatlardan xəbərdarıq. Biz diplomatların təhlükəsizliyinə dair qəti öhdəliyimizi bir daha bəyan edirik və diplomatiya aparan şəxslərin təhlükəsizliyini qorumaq üçün bütün lazımi addımları atmağa davam edəcəyik”, – xarici siyasət idarəsi telekanala açıqlayıb.