İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Məclisin deputatı Rüfət Quliyevin agentliyin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Agentlikdən verilən məlumatda bildirilir ki, qurumun rəhbərliyinin tapşırığına əsasən millət vəkilinin bəhs etdiyi şəxsin müalicə aldığı Bakı Sağlamlıq Mərkəzi ilə əlaqə saxlanılıb: “Xəstə mərkəzdə 08-12.09.2021-ci il tarixləri ərzində müalicə alıb. Şəxsin diaqnozu “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan açıqlana bilməz.

Vətəndaşın diaqnozu icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Bu səbəbdən vətəndaşın müalicəsi öz vəsaiti hesabına həyata keçirilib. Vətəndaş daha sonra vəziyyəti ilə bağlı Bakı Sağlamlıq Mərkəzində kompüter tomoqrafiyası (KT) olunub. Nəticədə vətəndaşda koronavirus infeksiyası nəticəsində yaranan “Ağciyər pnevmoniyası” aşkarlanıb. 

Vətəndaş koronavirus infeksiyası ilə bağlı müalicəsi məqsədilə “Yeni Klinika”ya yerləşdirilib. 13-28 sentyabr tarixlərində “Yeni Klinika”da dövlət büdcəsinin vəsaiti hesabına müalicə olunub. Məlumat üçün bildirək ki, Milli Məclisin deputatı Rüfət Quliyevin vətəndaşın icbari tibbi sığorta çərçivəsində müalicəsi ilə bağlı məktubu isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 oktyabr 2021-ci il tarixində daxil olub.

Əlavə olaraq bildirək ki, 1 aprel tarixindən bütün ölkədə icbari tibbi sığortanın tətbiqi nəticəsində vətəndaşlar Xidmətlər Zərfindən istifadə edə bilirlər. Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. Cari ilin yanvar-sentyabr ayları ərzində bütün ölkə üzrə 3 189 704 şəxs tibb müəssisələrinə müraciət edib və bu dövr ərzində onlara icbari tibbi sığorta çərçivəsində 15 793 776 tibbi xidmət göstərilib”.

Qeyd edək ki, R. Quliyev parlamentdə çıxışında qeyd edib ki, bir müddət əvvəl seçicisi qaraciyərində olan problemlə bağlı ona müraciət edib: “Mən bu agentliyin sədri ilə danışdım ki, sığorta ilə əlaqədar köməklik etmək olarmı? Qurum sədri dedi ki, məşğul olarıq. Amma bir həftədir cavab gəlmədi. Sonra deputat sorğusu verdim. İki aydan sonra mənə zəng gəldi. Əfsuslar olsun ki, xanım o müddətdə dünyasını dəyişdi. Necə ola bilər ki, iki ay yarıma bu məsələ araşdırılmasın?!” .

 

İstinadlar Qafqazinfo