ABŞ-ın bu gün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinin (bu dəfə Suriya rejiminə dəstəyə görə) elan olunmasından sonra Moskva banklararası birjasında həftənin ilk hərraclarında rubl yenə ucuzlaşma meylləri göstərir

Dolların birja məzənnəsi təqribən 50 qəpik bahalaşaraq 62.67 rubla çatıb. Valyuta dəyişmə məntəqələrində isə dollar 64 rubl səviyyəsində alnıb-satılır. Avronun məzənnəsi isə yenidən 77 rublu keçib.
Analitiklər qeyd edirlər ki, rublun həftənin ilk hərraclarında ucuzlaşma meylləri göstərməsi ABŞ-ın gözlənilən sanksiyaları ilə bağlıdır. Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ötən gün bildirib ki, maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaları aprelin 16-da elan edəcək. Diploma bu sanksiyaların “hər kəsə təsir edəcəyini”, birbaşa olaraq Suriyaya təchizatla məşğul olan şirkətlərə aid olacağını bildirib.
Xatırladaq ki, ABŞ-ın bir qrup rusiyalı oliqarxa, məmura və şirkətlərə qarşı tətbiq etdiyi sərt sanksiyalardan sonra rublun dəyərdən düşməsi prosesi başlayıb. Amma həmin ərəfədə ABŞ-ın Suriyaya raket zərbələri endirmək üçün hazırlıqlara başlaması nefti kəskin bahalaşdırıb və bunun nəticəsində rublun dəyərdən düşməsi yavaşıyıb.
Həmin sanksiyalar nəticəsində Rusiyanın aparıcı sənaye şirkətlərinin də səhmləri dəyərdən düşüb, rusiyalı zənginlər bir neçə günə 12 milyard dollar itiriblər. Səhmləri ən çox dəyərdən düşən isə birbaşa sanksiyaların təsiri altında olan “Rusal” şirkətidir. Şirkətin səhmlərinin 48 faizinə Kremlə yaxın oliqarx Oleq Deripaska nəzarət edir. Deripaskanın özü də sanksiya siyahısındadır.
İndi Rusiyaya qarşı yeni sanksiyaların gözlənildiyi bir vaxtda “Rusal”ın səhmləri Honkonq fond birjasında keçirilən hərraclarda cəmi bir neçə dəqiqə ərzində 17 faizə qədər dəyərdən düşüb. İki saat sonra isə səhmlərin ucuzlaşması 24 faizə çatıb. Hazırda “Rusal”ın səhmləri tarixi boyu ən ucuz qiymətə satılır. Sanksiyalardan bəri şirkətin səhmləri 70 faizə qədər dəyərdən düşüb. Şirkət texniki defolt həddindədir.
Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində iqtisadiyyatı bu ölkədən birbaşa asılı olan Qazaxıstan və Belarusda da milli valyutaların məzənnəsi bir qədər aşağı düşüb. Digər qonşu ölkələr Türkiyə və İranda da dolların bahalaşması Rusiyaya qarşı sanksiyalarla əlaqəli olmasa da, davam edir.(Virtualaz-org )