Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” təsdiq edilib və fəlsəfə doktoru imtahanları 2021-ci ilin yanvar ayından etibarən “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”na uyğun olaraq təşkil edilməlidir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, həmin qaydaya görə, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir.

Qaydaya əsasən, xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının məzmunu, imtahanın keçirilmə qaydası, nəticələrinin qiymətləndirilməsi meyarları və keçid balı AAK ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Elmin inkişaf istiqamətlərini nəzərə alaraq, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrlar hazırlanmasının tənzimlənməsi və səmərəliliyinin artırılması ilə bağlı aidiyyəti üzrə təkliflər vermək hüququna malik dövlət orqanı olan AAK-ın təklifi ilə xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün keçid balı 35 bal, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyən olunub.

Xarici dil, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanını uğurla vermiş iddiaçılara AAK-ın müəyyən etdiyi formada həmin imtahanda onların göstərdikləri nəticəni özündə əks etdirən, fəlsəfə doktoru dissertasiyasının ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan şəhadətnamə verilir. İddiaçının xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının nəticəsi “qeyri-kafi” qiymətləndirildikdə ona şəhadətnamə verilmir. Bu halda iddiaçının təkrar imtahan verməsinə altı aydan tez olmamaq şərtilə icazə verilir.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na müvafiq olaraq doktoranturaya qəbul zamanı xarici dil imtahanından “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası”nın 3.2-ci bəndi ilə nəzərdə tutulan qaydada müəyyən edilən keçid balını (yəni 35 bal və ya daha yüksək) toplayaraq doktoranturaya qəbul olmuş iddiaçılar dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Beləliklə, doktoranturaya xarici dil üzrə qəbul imtahanı verən namizədlərdən və fəlsəfə doktoru iddiaçılarından DİM-ə daxil olan sorğulara cavab olaraq bildirilib ki, AAK-la razılaşdırılmaqla xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün 25 bal müəyyənləşdirilib.

Xatırladırıq ki, həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur.

Doktoranturaya DİM tərəfindən keçirilən xarici dil üzrə qəbul imtahanında 25 və daha yüksək bal toplayanlar həmin imtahandan keçmiş sayılır və fəlsəfə fənni üzrə qəbul imtahanına buraxılırlar, lakin doktoranturaya qəbul olan şəxslərdən xarici dil imtahanında yalnız 35 bal və ya daha yüksək nəticə göstərənlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Məlum olduğu kimi, DİM 2021-ci il yanvarın 26-dan fevralın 7-dək iddiaçıların xarici dil, habelə əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edib. Doktoranturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat isə 2020-ci ilin oktyabr-noyabr aylarında aparılıb. Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının 2021-ci il fevralın 14-də, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının isə fevralın 15-də keçirilməsi nəzərdə tutulur.