Bu il sentyabrın 6-da dövlət qulluğuna qəbulla bağlı elan edilmiş və 21 dekabr 2022-ci il – 6 yanvar 2023-cü il tarixlərinə təyin edilmiş müsahibələr ləğv edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. 

Məlumatda Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə qeydiyyatdan keçmiş namizədlərin nəzərinə çatdırılır ki, Dövlət İmtahan Mərkəzinə 28 noyabr 2022-ci il tarixində daxil olmuş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 25 noyabr 2022-ci il tarixli №05-9-2460/16 nömrəli məktubunda Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddi, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı və yeni yaradılan agentliklərin strukturu və işçilərinin say həddi ilə bağlı təkliflər hazırlandığı bildirilib.

Elm və Təhsil Nazirliyinin qeyd edilən məktubu nəzərə alınaraq 6 sentyabr 2022-ci il tarixində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında həmin Nazirliyin Təhsilin inkişafı və proqramları şöbəsinin Layihələr ilə iş sektorunda vakant məsləhətçi vəzifəsi üzrə 21 dekabr 2022-ci il – 6 yanvar 2023-cü il tarixlərinə təyin edilmiş müsahibələr ləğv edilib.

Qeyd olunub ki, qanunvericiliyin tələbinə əsasən, dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak isə ödənişlidir.

Müsahibələrin ləğv edilməsi namizədlərin ödənişsiz iştirak etmək hüququna malik olduğu müsahibə sayı hesablanarkən nəzərə alınacaq, habelə müsahibədə iştirak etmək üçün namizədlər tərəfindən ödənilmiş məbləğ geri qaytarılacaq.

İstinadlar Qafqazinfo