Tanınmış teleaparıcı Dilarə Səlim yenidən efirə qayıdır.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, D.Səlim “AzTV Xəbər”i aparacaq.

O, hər şənbə günü saat 20:00-da efirə çıxacaq.

Qeyd edək ki, Dilarə Səlim 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. Daha sonra müxtəlif televiziyalarda işləyib.

2018-ci ildən isə AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktorudur.

Azərbaycan Televiziyasının “AzTV Xəbər” proqramının yeni formatda və yeni studiyadan ilk buraxılışını həmkarı Rafiq Həşimovla birlikdə Dilarə Səlim təqdim edib.

D.Səlim yenidən xəbər proqramında aparıcı olaraq efirə çıxması ilə bağlı xeyli tərəddüd etdiyini deyib: “AzTV Xəbər”in ilk efirindən sonra tamaşaçılardan o qədər zənglər, mesajlar aldıq ki… Rafiq müəllimə də, mənə də bütün günü efirə qayıtmağımızla bağlı istəklər gəldi. Sevindiricidir, çünki tamaşaçı unutmayıb. Xəbərlərə qayıtmağımda bunun da rolu az olmadı.

3 ildən çoxdur ki, efirə çıxmırdım. Xəbər proqramına qayıtmağa çox tərəddüd edirdim. Çünki “Mədəniyyət xəbərləri”, “Peşəkarlar” və “AzTV Xəbər”i birlikdə çatdırmayacağımı düşünürdüm. Lakin “AzTV Xəbər”ə həftədə bir dəfə çıxacağam deyə, çətin olmayacağı qənaətinə gəldim.

Həyəcanlıyam. Canlı efirin aparıcısında həyəcan hər zaman olmalıdır”.

Onu da bildirək ki, xanım aparıcının müəllifi və aparıcısı olduğu “Peşəkarlar” layihəsinin ilk buraxılışı sentyabrın 25-də yayımlanacaq.