Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslərin daxili ehtiyacları üçün mal idxalına tətbiq olunan aylıq limitlərlə bağlı mövcud çətinliklərin aradan qaldırılması məqsədilə yeni texniki həllər üzərində çalışır.

Bunu Dövlət Gömrük Komitəsinin Elektron xidmətlər və layihələr idarəsinin rəisi Elşən Məmmədov “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə bildirib.

“Misal üçün, vətəndaş xaricdən məhsul gətirdikdən sonra onu geri qaytardıqda həmin məhsulun gömrük limiti çərçivəsində nəzərə alınması ilə bağlı çətinliklər yaranır. Bu problemi aradan qaldırmaq üçün xüsusi proqram təminatı hazırlanır. Hazırda işlərin 70-80 %-i tamamlanıb və yeni sistemin bir ay ərzində istifadəyə verilməsi planlaşdırılır”, – deyə E. Məmmədov bildirib.

Onun sözlərinə görə, yeni proqram təminatı vasitəsilə geri qaytarılan məhsulun dəyəri vətəndaşın gələcək aylıq limiti ilə əvəz olunacaq: “Bu halda ödənilmiş gömrük rüsumlarının da geri qaytarılması mümkün olacaq. Lakin bu proses müəyyən vaxt aparacaq. Çünki həmin vəsaitlər dövlət büdcəsinə daxil olduğundan geri qaytarılması müəyyən vaxt tələb edir”.

İstinadlar Report