Demokrat.az saytı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat, müxalifətçi(!) Qüdrət Həsənquliyevin dəbdəbəli həyatı, biznes imperiyası haqda maraqlı araşdırma materialı dərc edib.

Yazıda təqdim olunan faktlar nəinki müxalifət adı altında fəaliyyət göstərən bir partiya rəhbərinin mənəvi məsuliyyətini ifşa edir, həmçinin onun bu fəaliyyətinin qanunlarla zidiyyət təşkil etdiyini də üzə çıxarır. 

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 85 və 89-cu maddələri deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Buna baxmayaraq, Milli Məclisin deputatlarının əksəriyyətinin böyük biznesi mövcuddur. Deputatlar içərisində elə şəxslər var ki, sərvətlərinin dəyəri yüz milyonlarla, milyardlarla ölçülür.

Bir zamanlar ağır sosial şərtlər altında kasıb həyat sürən Q.Həsənquliyevin illər sonra oliqarxa çevrilməsi təəccüblü deyil. AXCP sədri Əli Kərimlinin şinelindən birbaşa konstruktiv müxalifətə dönüş edən Q.Həsənquliyev vaxtilə ölkədə əksər sahələrin monopolisti hesab olunan “fövqəl güc”ün himayəçiliyinə verilmişdi. Bu da nəticə! Artıq Qüdrət Həsənquliyev binalar tikir, böyük mülklərə, biznes sahələrinə sahibdir.

Məsələn, fotoda gördüyünz bu bina Nərimanov rayonu Mövsüm Sənani küçəsində yerləşir. 17 mərtəbəli göydələn müxalifətçi partiya sədrinə məxsusdur. Binadakı mənzillər çoxdan satılıb.

Mirəli Seyidov küçəsində yerləşən səliqəli və zövq oxşayan 4 mərtəbəli bina da Q.Həsənquliyevə məxsusdur. Q.Həsənquliyevin sədri olduğu BAXCP də məhz bu binada yerləşir.

Q.Həsənquliyevə məxsus digər milyonluq mülk Badamdar qəsəbəsində yerləşən villadır.

Qeyd edək ki, partiya sədrinin villasının yanında keçmiş MTN-nin cinayətkar dəstəsinin ən başçılarından olan Akif Çovdarovun və Kəmaləddin Heydərovun himayə etdiyi “media holdinq” rəhbərinin də villaları yerləşir.

Sayt deputatla bağlı növbəti yazısında onun biznes şərikləri haqda yazıb. Məlum olur ki, Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. Əslən Salyan rayonundan olan Oqtay Abuzərov vaxtilə ən radikal cəbhəçilərdən biri olub. 

2004-cü ildə Qüdrət Həsənquliyevin rəhbərliyi altında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP yaradılanda Oqtay Abuzərov da AXCP-dən ayrılaraq tələbə yoldaşı olan Qüdrət Həsənquliyevin yanında yer alıb.

Əldə olunan məlumatlardan belə anlaşılır ki, Oqtay Abuzərov mövcud siyasi hakimiyyətə qarşı ən radikal mövqedə dayanan cəbhəçilərdən olub, siyasətlə məşğul olmasa da, elə indi də  yaxın ətrafının yanında hakimiyyətə qarşı olan mənfi münasibətini gizlətmir.

Oqtay Abuzərovun Qüdrət Həsənquliyevlə olan olduqca yaxın münasibətlərini göstərən müxtəlif faktlar da var. Məsələn, paytaxtın Yasamal rayonunda yerləşən “Tri Korona”  (“Üç Tac”) adlı məşhur yaşayış binasında Qüdrət Həsənqulieyvlə Oqtay Abuzərovun mənzilləri yanaşıdır.

Eyni zamanda, həmin binada Qüdrət Həsənquliyevin qardaşı Zəfər Həsənquliyevin də mənzili var.

Bundan başqa, Oqtay Abuzərovun oğlu Xalid Abuzərli məhz Q.Həsənquliyevin sayəsində Dövlət Gömrük Komitəsində işə düzəlib və hazırda da orada işləyir.