Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan dövlətimizin yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.

Bu fikirləri “Report”a Prezident İlham Əliyevin Misirə səfərinin nəticələri haqqında danışarkən Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.

O qeyd edib ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı var:

“Son illər dəyişən geosiyasi vəziyyətin də yaratdığı reallıqlar fonunda Azərbaycan ərəb dünyası ilə olan dərin tarixi-mədəni bağlılığını yeni iqtisadi imkanlara çevirir.

İslam həmrəyliyi prinsipini daim rəhbər tutan dövlətimiz ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını daha da dərinləşdirilməsinə çalışır. Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi hər kəsə məlumdur. Mən deyərdim ki, müsəlmanların sıxışdırılması və dini ayrı seçkilik qlobal problemlərdəndir”.

Deputat onu da vurğulayıb ki, Azərbaycan həmçinin ərəb dünyasının haqq işini daim dəstəkləyib:

“Ərəb ölkələri də həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Hazırda bir neçə ərəb dövlətləri də, xüsusilə İraq və Misir Azərbaycan kimi mina problemindən əziyyət çəkir. Düşünürəmki, biz bu sahədə Ərəb dövlətləri ilə əməkdaşlıq qurub, beynəlxalq aləmdə daha çox diqqət çəkə bilərik.

Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Düşünürəmki, dünən cənab prezident İlham Əliyevin Misirə olan səfəri iki ölkə arasındakı əlaqələrinin inkişafına təkan verən növbəti uğurlu səfər oldu. Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da öz mənəvi dəstəyini əsirgəmir.