“Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ötən 18 il ərzində Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində uğurların əldə edilməsini şərtləndirib. Heç şübhəsiz bu sırada 2010-2020-ci illər ərzində aparılan islahatatlar və atılan addımlar xüsusi olaraq vurğulanmalıdır”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın iqtisadi və maliyyə cəhətdən geniş imkanlara malik olması ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin artmasına təkan verib: “Təsadüfi deyil ki, ötən müddət, xüsusilə də 2010-2020-ci illər ərzində iqtisadi imkanaların artması sayəsində ordumuz maddi-texniki cəhətdən ən yüksək səviyyədə təmin edilib, Silahlı Qüvvələrimiz ən müasir silah-sursatla təhciz edilib. Məlum olduğu kimi, Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır”.

Deputatın sözlərinə görə, artıq nəinki beynəlxalq ekspertlər, hətta işğalçı dövlətin analitikləri də Azərbaycanın ordu quruculuğunda mühüm uğurlara imza atdığını etiraf edirlər: “Onu da deyim ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü. Belə ki, qısa müddət ərzində ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, bununla da düşmən ordusunun məğlubedilməzliyi haqqında ermənilərin illərdən bəri yaratdığı mifi darmadağın etdi, Azərbaycanın da yetərincə hərbi gücə malik olduğunu təsdiqlədi”.

O bildirib ki, 2010-2020-ci illər ərzində hərbi hissələrimizdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz tarix yazdı: “Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Belə ki, respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Məlum olduğu kimi, İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayandı. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələdi. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar var. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir”.

V.İskəndərovun sözlərinə görə, ordumuz öz tərəfdaşlarının, o cümlədən də qardaş Türkiyənin silahlı qüvvələri ilə vaxtaşırı hərbi təlimlər keçirir ki, bu da şəxsi heyətin peşəkarlığının, döyüş hazırlığının artmasına öz müsbət təsirini göstərir: “Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Hazırda yerli müəssisələrdə buraxılan müxtəlif adda yüksəkkeyfiyyətli silah-sursat ordumuzun təchizatında mühüm rol oynayır”.

İstinadlar Report